1 Mart 2022 19:42
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın Ukraynaya hücumundan sonra yaranan vəziyyəti Teleqraf.com-a şərh edib.

Həmin müsahibəni təqdim edirik:

- Rasim müəllim, əslində heç kim Prezident Putinin bu şəkildə Ukrayna kampaniyasına başlayacağını gözləmirdi. Halbuki, Qərb mediası hətta konkret tarixlər verirdi və bu tarixlər də yalan çıxırdı. Nəhayətdə Putin Ukrayna kampaniyasına başladı. İndi vəziyyəti necə qiymətləndirirsiniz?

- Məncə, məsələyə ədalətli yanaşmaq lazımdır. ABŞ və Böyük Britaniya kəşfiyyat məlumatlarına əsaslanaraq bunu deyirdi. Sadəcə olaraq insanlar buna inanmaq istəmirdi. Çünki bu, dəhşətli məsələdir. Fərz edə bilərsinizmi k, sabah Türkiyə Azərbaycana, Almaniya Avstriyaya hücum edəcək? Təxminən belə hal idi. Bir var Donbasın, Krımın mübahisəsini aparasan, bir də var ki, qardaş adlandırdığın, eyni millət saydığın insanların üzərinə bomba yağdırasan. Bunu insanların beyni qəbul etmək istəmirdi. Halbuki ABŞ son ana qədər deyirdi ki, belə bir hücum olacaq və əsas məqsəd də Kiyevi tutmaqdır.

- Rusiyanın nüvə silahı ilə bağlı təhdidini nəzərə alsaq, bundan sonra hadisələr hansı istiqamətdə inkişaf edə bilər?

- Hesab edirəm ki, bütün bu hadisələr, hansı ki, biz deyirdik ki, məntiqə sığmır. Yəni məlumat vardı ki, Rusiya Ukraynaya hücum edəcək, amma qəbul olunmayan hal idi. Lakin oldu. İndi də məntiq deyir ki, nüvə müharibəsi mümkün deyil. Yeri gəlmişkən, II Dünya müharibəsində Almaniyanın, Rusiyanın, İngiltərənin, ABŞ-ın xeyli kimyəvi və bakteroloji silahları var idi. Lakin onu tətbiq etməyə heç kəsin cürəti çatmadı. Çünki bilirdilər ki, bu qarşılıqlı olacaq və dünyanı məhvə doğru aparacaq. İndi də nüvə silahı ilə bağlı hədələr səslənir, ancaq bu öz-özlüyündə qəbuledilməzlik, məsuliyyətsizlikdir. Söhbət ondan getmir ki, ABŞ-ı bombardman etsinlər və ya Böyük Britaniyanı. Ancaq taktiki nüvə silahından istifadə edilməsini istisna etmirəm. Buna nümayişkarənə hərəkət deyirlər. O mənada ki, mən gicəm, hər şeyə əl atmağa hazıram. Buna deyirlər nümayişkarənə nüvə partlayışı. Məsələn, Qara dənizdən ABŞ və Britaniya gəmiləri Ukrayna hava məkanını bağlamaq istəsələr, Rusiya götürüb dənizin səmasında nüvə partlayışı edə bilərlər.

- Ukraynada baş verənlər hansı ssenari üzə inkişaf edə bilər?

- Mən hərbçi deyiləm. Amma ABŞ hərbi mütəxəssisləri hesab edirdilər ki, Ukraynanın müdafiə sistemi 3 gündən çox müqavimət göstərə bilməyəcək və çökəcək. İndi müharibənin altıncı günüdür və Ukrayna müdafiə sistemi mütəşəkkil qalır və müqavimət göstərməkdə davam edir. Və Rusiya bunu dağıtmağı bacarmayıb. Üstəlik itkiləri də kifayət qədərdir. İndi hələlik Ukraynanın itkilərindən danışmırlar, fikrimcə, o da çoxdur. İlk növbədə hərbi texnika baxımından. Hər halda hiss edilir ki, Ukrayna müdafiə sistemi itirilməyib. Hər şey də asılıdır bu müqavimətin gücündən. Güclü müqavimət olduğu halda Kiyevə köməklik və dəstək də artacaq. Ancaq mənim qənaətimcə, Rusiya hər bir halda uğur qazanan tərəf olmayacaq.

- Hansı səbəblərdən?

- Ona görə ki, sənin başına bomba töküldüyü halda o milləti daha özünə qardaş saya bilməyəcəksən. Məsələn, Polşa slavyandır, normalda Rusiyaya daha yaxın olmalıdır. Amma nə polyaklar, nə də çexlər Rusiyanı özlərinə qardaş saymırlar. Rusiyadan sığortalanmaq üçün hazırladılar ki, ABŞ və ya Britaniyaya yaxınlaşsın. Eyni yanaşma Ukraynada da olacaq. Sən gəlib qardaş ölkənin başına bomba tökürsən. Bundan sonra sən onunla müttəfiq kimi yaşaya biləcəksənmi? Baxmayaraq ki, zamanında Polşanı, Çexiyanı özlərinə zorla tabe etmişdilər, amma imkan yaranan kimi onlar arxalarını çevirdilər. Ehtimal edirəm ki, Ukraynada da eyni yanaşma olacaq. Təsəvvür edin ki, Xarkovun 90 faizindən çoxu rusdillidir. Amma müqavimət göstərirlər, döyüşürlər. Niyə? Çünki başlarına bomba yağır.

- Nəzərə alsaq ki, Rusiya hərbi resursunun heç 10 faizini Ukraynada cəmləşdirməyib, bu baxımdan ölkədə dövlətçilik silinə bilərmi?

- Bütün Ukraynanı Rusiya tam nəzarətinə götürmək iqtidarında deyil. Mən istisna etmirəm ki, rus qoşunları Dneprə qədər çıxa bilərlər. Ancaq Ukrayna boyda ərazini nəzarətdə saxlamaq da lazımdır. Bunun üçün də Rusiyanın gücü yoxdur.

- İndi ABŞ və Rusiya arasında görünən diplomatiya yoxdur, bəs görünməyən diplomatiya?

- Nə Vaşinqton, nə də London Rusiya ilə danışmaq istəyində deyil. Onlar bunu açıq elan ediblər. Artıq Almaniya da Rusiya ilə danışmaq istəmir. Yeganə Fransa qalıb. Prezident Makron Lukaşenko və Putinlə danışır və vəziyyəti saxlamağa çalışır. Amma hiss edilir ki, bu danışıqların əhəmiyyəti yoxdur.

- Rusiyaya qarşı dəhşətli sanksiyalar, qadağalar tətbiq edilir. Rus hökuməti nədən dilomatiyaya qapı açmır və Makronla hansısa məsələlərdə razılaşmır?

- Kremldə hesab edirlər ki, geriyə addım atsalar, dünyanın gözündə əvvəlki kimi olmayacaqlar. Üstəlik dəqiq bilirlər ki, Rusiyanın üzərindən sanksiyalar götürülməyəcək, əksinə, Rusiyanın dünyanın maliyyə, iqtisadi sistemindən izolyasiyası davam etdiriləcək.

İkincisi, Avropa Birliyi Ukrayna və Moldovanın birliyə üzv olmasını sürətləndirmək üçün qərar qəbul edib. Bu ona görədir ki, Ukraynada yaşayan əhali seçim qarşısında qalarsa, Avropanın hissəsi olacaq Ukraynanı seçəcək. Bu halda mən qəti əminəm ki, hətta Krımda, Donbasda yaşayan qatı ruspərəst də Avropa Birliyinə maraq göstərəcək. Bu gün Pribaltikada kifayət qədər rus yaşayır. Əgər sabah Rusiya ora hücum etsə, Pribaltikada yaşayan ruslar estonlar, latışlarla çiyin-çiyinə vuruşub, deyəcəklər ki, biz Rusiya olmaq istəmirik, Avropayıq. Təxminin belə olduğu halda insanlar Avropanın bir hissəsi olacaq Ukraynaya üstünlük verəcək. Əlbəttə, mən düşünmürəm ki, Ukraynanı dərhal üzvlüyə qəbul etməyəcəklər, amma əsas namizəd kimi təsdiqlənəcək. Bu halda isə sonrakı mərhələdə Rusiya ilə Avropa Birliyi danışmalı olacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər