12 Avqust 2023 09:31
3 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan Baş naziri Nikol Paşinyan deyir ki, “Dağlıq Qarabağ” ətrafındakı durum elə bir yerə gəlib çatıb ki, buna “beynəlxalq hüquqi qiymət” verilməlidir. Sizcə, o, bunu söyləyərkən hansı məkrli niyyətlərinə eyham vurur?

- Ermənistan baş nazirinin niyyətinin məkrli və ya qeyri-məkrli olduğunu deyə bilmərəm, hökumət başçısı olduğuna görə siyasi gedişlər etməli, müəyyən bəyanatlar verməlidir. Qarabağ ətrafındakı gərgin vəziyyətə gəlincə, bu durum indi gərginləşməyib, otuz ildir gərgindir. Bu gərginliyin də əsas səbəbi Ermənistan, ermənilər və erməni diaspor təşkilatlarıdır. Məsələ çox incə, eyni zamanda çox sadədir. Məsələ budur ki, Ermənistan və ona hamilik edən ölkələr anlamadıqlarını göstərirlər, əslində isə bir daha sübut edirlər ki, Ermənistandan bir vasitə kimi istifadə olunur.

Baş verənləri soyuqqanlı şəkildə anlamağa çalışaq, Paşinyanın bəyanatını bir kənara qoyuram, onun işi bəyanat verməkdir. Əgər siz düşünürsünüzsə ki, Paşinyan bir gün Azərbaycanın maraqlarından çıxış edəcək, bu absurddur. O ermənidir və Ermənistanın maraqlarından çıxış etməlidir. Ermənistana bol vədlər verilib. Ermənistan da illüziyalar yaradır. Ermənistan rəy yaratmağa çalışır ki, İran, Hindistan, Fransa və Rusiya onun hamiləridir. Belə deyil. Hər bir ölkənin Ermənistanla bağlı öz maraqları var. Buna görə də Ermənistandan vasitə kimi istifadə olunur. Vəziyyətə situativ baxaq.

Fransanın Ermənistanı dəstəkləməkdə məqsədi nədir? Bu suala cavab verməliyik. Bunun cavabı üzdədir. Fransa Ermənistana Mali, Çad, Qabon, Burkina Faso, Seneqal, Toqo, Niger və Nigeriyaya yanaşdığı kimi yanaşır. Fransanın indiki məqamda Ermənistana maraqlarının artmasının səbəbi çox sadədir. Bu, Ermənistan ərazisindəki uran, molibden və mis yataqları ilə əlaqəlidir. Fransa Afrikanın qərbində, Sahel və Saxarada uran yataqlarına nəzarəti qismən əldən verib. Fransanın atom elektrik stansiyalarına uran, sənayesinə molibden lazımdır. Reqressiyada olan Fransa sənayesi üçün ciddi xammal ehtiyacı yaranıb. Bu ehtiyacları üçün lazım olan xammal isə Ermənistanda var. Düşünürəm ki, Fransanın böyük korporasiyaları, konsernləri Ermənistanı istismar edəcəklər və etməyə hazırlaşırlar. Bu səbəbdən də Ermənistana dəstək verdiklərini göstərirlər. Dediyim kimi, səbəb sırf xammal və iqtisadi məsələlərlə bağlıdır.

Hindistana gəlincə, bu dövlətin bir siyasəti var: Pakistanla yaxın olan dövlətlər Hindistanın düşmənləridir. O cümlədən Azərbaycan Cəmmu və Kəşmir məsələlərində Pakistana birmənalı dəstək verdiyi və Pakistanın bir sıra problemlərini həll etməyə çalışdığı üçün Hindistan bizə antipatik münasibət bəsləyəcək. Nəticədə Ermənistanla Hindistan arasında 400 milyon dollarlıq hərbi anlaşma imzalanıb. Amma Hindistan siyasətçilərindən soruşsanız ki, Ermənistan harada yerləşir? Xəritədə göstərə bilməyəcəklər.

Rusiyaya gəlincə, bu dövlət artıq Ermənistandan əlini üzüb. İndi Rusiya Qarabağ ermənilərindən həm Azərbaycana, həm də Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir. Məhz bu səbəbdən Rusiya reinteqrasiyaya imkan vermir və Laçın yolunun maneəsiz açılmasına çalışır.

- Problemlərin həll yolu nədədir?

- Azərbaycan indi tutduğu mövqedən zərrə qədər geri çəkilməməlidir. Çünki Laçın yolunun maneəsiz açılması Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığına qəsddir. Biz alternativ yollar təklif etmişik, bu da qəbul ediləcək. Artıq Qərb dövlətlərinin tam əksəriyyəti Ermənistana təzyiq göstərərək, Ağdam-Xankəndi yolundan istifadə etməyə çağırırlar. Çox yaxınlarda bu yol açılacaq.

Digər yandan, Ermənistan və onun havadarları unudurlar ki, ABŞ-ın separatizmə və “xalqların öz müqəddəratını təyin etmək hüququ”na və sair məsələlərə olan münasibəti tam fərqlidir. Birincisi, ABŞ-ın separatçılara olan münasibəti dəyişib. Əlbəttə, Amerika vaxtilə müxtəlif ölkələrdə müxtəlif xalqların və etnosların “milli mübarizə”lərini dəstəkləyib.

ABŞ 1918-ci ildə ilk dəfə qlobal siyasətə böyük dövlət kimi daxil olanda Prezident Vudro Vilson Amerikanın xarici siyasət proqramını açıqlamışdı. Proqram tarixə “14 bənd” kimi düşüb. Həmin proqramın 10-cu bəndində deyilirdi ki, Avstriya-Macarıstan İmperiyasının xalqları azad olmalıdır. 12-ci bəndə isə qeyd olunurdu ki, Osmanlı İmperiyası parçalanmalı və müstəqil dövlətlərə bölünməlidir. Başqa sözlə, ABŞ o vaxt özünə düşmən bildiyi bu iki imperiyanı parçalamağa çalışırdı, buna da nail oldu. Təsadüfi deyil ki, bundan sonra da zaman-zaman Vilson doktrinasına istinad olunurdu. Amma 1959-cu ildə - Eyzenhauerin vaxtında ABŞ-da “Kölə Edilmiş Xalqların Milli Komitəsi” adlı bir qurum yaradılmışdı. Bu təşkilatda bildirilirdi ki, Ukrayna, Mərkəzi Asiya və Qafqaz müstəqil olmalıdır. Amma indi ABŞ-ın mövqeyi Vilson və Eyzenhauerin mövqeyindən tamamilə fərqlənir.

ABŞ indi separatizmi dəstəkləmir. Yəni Fransa, İran, Rusiya və Hindistan nə qədər istəsələr də, ABŞ Qarabağ ermənilərinin “müstəqillik istəkləri”ni dəstəkləməyəcək və buna imkan verməyəcək. Belə bir şey olmayacaq. Dünya birliyi qarabağlı ermənilərin “status”nu yalnız bir halda tanıya bilər: Azərbaycan onların “status”unu tanısa. Azərbaycan da bu “status”u tanımayacaq.

- Niyə?

- Qarabağlı ermənilər “ən geniş muxtariyyət” və “konfederativ əsaslarla muxtar vilayət” istəyirlər. Bu, Azərbaycan dövlətinin içinə qoyulan “gec partlayan mina” ola bilər. Bunu “müstəqilliyə gedən yol”da bir addım kimi nəzərdən keçirirlər. Yəni ermənilər nə vaxtsa yenə separatçılığa başlayacaqlar. Buna görə də ermənilərə heç bir “status” verilməyəcək. Onların hüquqları Azərbaycanda yaşayan digər etnik azlıqların hüquqları kimi olacaq. Reinteqrasiya qaçılmazdır, ermənilərin başqa yolu yoxdur. Heç bir kənar təzyiqlə bunun qarşısını ala bilməyəcəklər.

- Yenə müharibə ola bilərmi?

- Olmayacaq! Əlbəttə, dünyanın istənilən yerində müharibədə də, hərbi əməliyyatlar da ola bilər, o cümlədən Cənubi Qafqazda. Heç kim bunu istisna edə bilməz, etmir də. Amma hərbi əməliyyatlar və ya müharibə Ermənistan dövlətçiliyinin fəlakəti olacaq.

Azərbaycanla Ermənistan arasında dövlət sərhədləri müəyyənləşməyib. Beynəlxalq hüquqa görə, Ermənistan bizim üçün mübahisəli ərazidir. Yəni Azərbaycan bu mübahisəli ərazidən gələcək təhdidlərin, vətəndaşları üçün yaranacaq təhlükələrin qarşısını almaq üçün məcbur olacaq ki, bir bufer zona yaratsın. Məsələn, Liviya, Suriya və digər ölkələrdə olduğu kimi. İndi 30 kilometr enində bir bufer zona yaradılarsa, Ermənistan nə qədər ərazisini itirəcək və nələrlə qarşılaşacaq? İndi bütün bunları nəzərə aldıqda Paşinyanın bəyanatlarına ciddi yanaşmaq olar, ya yox?

- Araik Arutyunyan və digər separatçılar isə iddia edirlər ki, rəsmi Bakının nümayəndələri ilə danışıqlar heç nəyi dəyşməyəcək. Belə olan halda nə baş verə bilər?

- Araik Arutyunyan başını Hadrutun girişindəki daşa döyür. Araik Arutyunyan gedib Birləşmiş Ərəb Əmirliklərindəki mənzillərinin, Rusiyadakı dörd otelinin və iki yaşayış kompleksinin dərdini çəksin. O, bütün biznesini bu ölkələrə köçürüb, burada siyasi manipulyasiya və demoqogiya ilə məşğuldur.

Araik Arutyunyan niyə bu qədər təlaşlıdır? Azərbaycan reinteqrasiya prosesini Araik Arutyunyan, Bako Saakyan. Samvel Babayan, Vitali Balasanyan və digər müharibə cinayətkarları ilə aparmaq niyyətində deyil və aparmayacaq. Araik Arutyunyan gözəl bilir ki, reinteqrasiya prosesinə yönəlmiş danışıqlarda olmayacaq. Azərbaycan mərkəzi hakimiyyəti erməni icmasının nüfuzlu və sivil nümayəndələri ilə danışıqlar aparacaq. Araik başa düşür ki, erməni icmasının bu danışıqlarda iştirak edəcək nümayəndələri avtomatik olaraq qondarma rejimdən üstün səlahiyyətlərə malik olacaq. Bu isə Araikin heç bir çətinlik olmadan devrilməsi deməkdir. Məsələ bu qədər bəsitdir.


Müəllif: Mənsur Rəğbətoğlu