24 Aprel 14:39
2 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın işğalında qalan Azərbaycanın 8 kəndindən anklav olmayan Qazax rayonunun 4 kəndinin qaytarılması təkcə siyasi nüfuz məsələsi deyil. Bu, Ermənistan hakimiyyətinin reallıqları dərk etməsi deməkdir. Çünki bu prosesi hər hansı bir şəkildə uzatmaq Ermənistan üçün arzuolunmaz vəziyyət yarada bilərdi.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Söhbət müharibə və aktiv hərbi əməliyyatlardan getmir. Bütövlükdə fürsətlərin qaçırılması məsələsi var. Sülh üçün fürsətlər vaxtında atılmış addımların məqsədəuyğunluğunu ortaya qoyur. Erməni tərəfi bu addımı atmaqla gələcəkdə digər məsələlərin də müzakirəyə çıxarılmasına zəmin yaradır”, - deyə o qeyd edib.

Partiya sədri hesab edir ki, hazırda tərəflər arasında müzakirə olunmayacaq məsələ qalmayıb: “Anklavlar, Zəngəzur dəhlizi də hazırda ciddi şəkildə müzakirə olunur. Əvvəlki formada Ermənistanın inadkarlıq göstərməsi, revanşizmin baş qaldırması ehtimalı da azalmış olur. Bu, sülhə daha çox imkan yaradır. Ermənistan Azərbaycan və Türkiyə ilə paralel şəkildə bu prosesi aparmalıdır. Azərbaycana ərazi iddiası olmadığını bəyan edən Ermənistan Türkiyəyə qarşı ərazi iddiasını simvolikasında belə aydın göstərir. Bundan imtina etməyin vaxtı çatıb. Türkiyə ilə münasibətlər bunun fonunda yaxşılığa doğru dəyişə bilər”.

Millət vəkilinə görə, anklavlarla bağlı məsələ bir qədər mürəkkəb prosesdir:

“Yolların çəkilməsi, hər iki dövlət üçün uyğun variant və təhlükəsizliyə təminat məsələsi var. Xalqların birgə yaşayış imkanlarının ümidverici səviyyədə olmaması kontekstində bunun necə həll olunacağı aktualdır. Ona görə də, burada müəyyən dərəcədə uzlaşmalıdırlar. Proses, razılaşmalar tənzimlənməlidir”.

Fazil Mustafa bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan və Ermənistanın iqtisadi maraqlarına uyğun gələn şəkildə həll etmək imkanları var:

“Ermənistanda bu reallığın dərk olunması Azərbaycandan daha çox hiss olunmaqdadır. Təcrid olunmuş vəziyyətdə İrana ümidli olaraq ayaqda qalmaqla, Rusiyadan üz çevirməklə Ermənistan mövcudluğunu sürdürə bilməz”.


Müəllif: Tapdıq Qurbanlı