Azərbaycanın əlavə investisiyası və Gürcüstanın səyləri nəticəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yükdaşıma qabiliyyəti 1 milyondan 5 milyon tona yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın X iclasında deyib.
O, BTQ-nin Orta dəhlizin tərkib hissəsi olduğunu bildirib.
“Xəzər dənizinin ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Ticarət Limanı Orta dəhlizdə mühüm həlqədir. Hazırda limanın yükgötürmə qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində fəal iş aparılır. Gürcüstanın Poti və Batumi limanları Orta dəhlizin mühüm elementləridir”, - Ə.Əsədov deyib.
Hökumət başçısı qeyd edib ki, bu gün müvafiq qurumlar nəqliyyat dəhlizləri sahəsində əməkdaşlıq memorandumu imzalayacaqlar:
“Bütün bunlar Azərbaycan və Gürcüstanın qitələrarası daşımalarda mühüm tranzit həlqələri kimi rollarını gücləndirir”.