Ağız qoxusu çox ciddi problemdir. Ağzından pis qoxu gələn insanın yanındakı hər kəs bu qoxunu hiss edə bilər. Ancaq qarşı tərəfi incitməmək üçün insanlar ağzından qoxu gələn şəxsə bunu deməməyə çalışırlar.
Teleqraf.com xəbər verir ki, koronavirus dövründə maska taxmağa məcbur olduğumuz üçün ağzından pis qoxu gələn şəxslər özləri də bunu hiss edirlər. Normal şəraitdə insan ağzının qoxusunu hiss etməyə bilər. Lakin maska taxarkən ağızdan gələn qoxu n daha aydın hiss olunur.
Ağız qoxusunu hiss etməyin müxtəlif yolları var. Hətta bunun üçün ağız qoxusu cihazları da var ki, lakin etibarlılığı yüksək deyil.
Ağız qoxusunu hiss etmək üçün biləyinizə bir az tüpürcək atıb, 5-10 saniyədən sonra iyləyin. Əgər xoşagəlməz qoxu hiss edirsinizsə, deməli ağzınızdan iy gəlir.
Ağız qoxusunun müxtəlif səbəbləri ola bilər. Problemin haradan - dişlərdən, boğazdan və ya mədədən gəldiyini müəyyən etmək lazımdır. Çürük dişlər ən vacib səbəblərdən biri hesab olunur. Eyni zamanda yemək qalıqlarının dişlərin arasında qalması pis qoxuya səbəb olur.
Dişlərin vaxtında fırçalanmaması və az maye qəbulu da pis qoxuya səbəb olur.
Əgər mədə, boğaz və ya fərqli bir xəstəliklə əlaqəli bir problem deyilsə, ağız qoxusunu aradan qaldırmaq üçün ağız gigiyenasına diqqət yetirmək lazımdır.
Gündə ən azı 2 dəfə dişləri fırçalamaq vacibdir. Eləcə də dişlər arasında yığılan bakteriyaları təmizləmək lazımdır. Eyni zamanda gün ərzində 2-2,5 litr maye qəbul olunmalıdır.