Mövcud sənəddə əsirlərin və digər saxlanılan şəxslərin azad olunması ilə bağlı bənd var. Bu bəndin tələblərinə əsasən, Şahbaz və Dilqəmin azad olunması məsələsi də həll oluna bilər və həll olunmalıdır. Çünki biz Azərbaycan ərazisinə qeyri-qanuni gələrək əsir düşən düşmən əsgərlərinin dəyişdirilmə prosesinə razılıq vermişiksə, Azərbaycan vətəndaşının, öz ata-baba yurduna getmiş, qondarma və separatçı rejim tərəfindən həbs edilərək, "məhkəmə" qərarlarına əsasən məhkum edilən şəxslərin azad edilməsinə niyə də nail olmayaq?
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, Dilqəm və Şahbazın Azərbayacana qaytarılmasında hər hansı maneə yoxdur:
"Birincisi, həmin rejim separatçı rejim idi və bu gün həmin rejim yoxdur. Həmin rejimin qəbul etdiyi bütün qərarlar sıfırlanıb. İkincisi, Azərbaycanın öz ərazisinə getmiş şəxsdən söhbət gedir. Üçüncüsü, onlar barəsində qərarları qeyri-legitim məhkəmə verib.
Ən nəhayət, bu gün torpaqlarımızın azad edilməsi məsələsi qaldırılıb və ötən gecə imzalanan bəyanatda da bu qeyd olunub. Bütün bunların kontekstində Dilqəm və Şahbaz da mütləq qaytarılmalıdır və Azərbaycan tərəfi əminəm ki, bu məsələnin gündəmində saxlayıb. Mən inanıram ki, Azərbaycan tərəfinin bu barədə düşüncələri var. Biz tezliklə Dilqəm və Şahbazı Azərbaycanda görəcəyik. Bu, imzalanmış sənəddən də aydın şəkildə görünür.
Ölkəmizdə bir dəfə erməni məhkumların dəyişdirilməsi prosesi baş verib. Azərbaycanda da erməni məhkumlar var. Hazırkı vəziyyətdə Dilqəm və Şahbazın dəyişdirilməsi müzakirə mövzusu ola bilməz. Hazırda aydın bir sənəd var və sənədə uyğun olaraq Azərbaycan vətəndaşı əgər orada saxlanılırsa, bu girovluq, qeyri-qanuni azadlıqdan mərhum etmək sayılır.
Saxlanılan şəxslərin azad edilməsi ilə bağlı bənd var və həmin bəndə uyğun olaraq da onlar azad edilməlidir. Bu sənəd özü bunu diqtə edir. Ermənistan tərəfi bu sənədi qəbul etməlidir, başqa çıxış yolları yoxdur".