Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Hande xanım, ÜST peyvəndləmə prosesini nəzarətdə saxlayırmı? Ümumi vəziyyəti necə dəyərləndirirsiniz?
- ÜST COVID-19 peyvəndi ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir. Təşkilat strategiyanın hazırlanmasında və tətbiqə başlanmasında bütün lazımi texniki dəstəyi təmin edib.
- Pandemiya təzə başlayanda COVID-19-a qarşı Azərbaycan səhiyyəsinin mübarizəsini nümunə göstərirdiz. Hazırkı durumla bağlı fikriniz necədir? Azərbaycanda müalicə müəssisələrinin monitorinqini aparırsızmı?
- Azərbaycanla bağlı qiymətləndirməm dəyişməz olaraq qalır. Hökumət hələ pandemiyanın əvvəlində Operartiv Qərargahı yaratmaqla daha yaxşı koordinasiya üçün hərəkətə keçdi. Xəstəxanaların və çarpayıların sayını artırdı. Azərbaycan həmçinin peyvəndi ölkəyə gətirən və peyvənd proqramına ilk başlayan ölkələrdən biridir. Yerli səviyyədə mübarizə tədbirlərində ÜST-lə sıx əməkdaşlığı yüksək qiymətləndiririk.
- Artıq 3 aya yaxındır ki, peyvəndləmə davam edir. Pandemiyanın aradan qalxmasında vaksinlərin rolunu necə dəyərləndirirsiz? Mövcud vaksinlər bəşəriyyətin COVID-19-dan xilas olmasına kifayət edəcəkmi, yoxsa yeni vaksinlərə ehtiyac olacaq?
- Pandemiya ilə mübarizədə peyvəndlər çox böyük rol oynasa da, ehtiyatı əldən verməməliyik. Çünki ölkələrin böyük əksəriyyəti hələ bir doza peyvənd tətbiq etməyib. Risk qrupunda olan insanları peyvənd etmək nə qədər uzun çəkərsə, virusa peyvəndlərimizə o qədər çox təsir etmə imkanı vermiş olarıq.
2020-ci ilin yazında uğurlu hesab olunan tədbirlər indi də uğurludur. Buna testlərin aparılması, izolyasiya və müalicə, təmasın izlənməsi və təmasda olan şəxslərin karantini daxildir. Əl gigiyenası, fiziki məsafə saxlamaq və lazım olduqda maska taxmaq kimi fərdi qoruyucu tədbirlər virusun yayılmasının qarşısını almaq üçün kollektiv səylərin vacib hissəsidir.
- Hər dəfə açılmalardan sonra yoluxmalarda kəskin artım müşahidə etdik. Karantin rejiminin yumşalması barədə fikirləriniz necədir?
-Yoluxma hallarında azalma və ya artma epidemiyanın təbii həyat dövriyyəsi deyil, ölkələr və insanlar tərəfindən görülən tədbirlərin nəticəsidir. Hər bir ölkədə pandemiyanın gələcəyi hökumətlərin və fərdlərin atdığı addımlardan asılıdır. Bütün effektiv tədbirlər – fiziki məsafə saxlamaq, təmasın izlənilməsi və testlərin aparılması davam etdirilməlidir. Yoluxma hallarında artım olarsa, yerli kontekstdə uyğun məhdudlaşdırıcı tədbirlərə ehtiyac yarana bilər. Burada məqsəd yoluxmanın kiçik qruplardan bütün cəmiyyətə yayılmasının nəzarətdə saxlanılmasıdır.
Pandemiyanın gələcəyi hamımızdan asılıdır. Keçmiş təcrübəmizdə virusun ötürülmə zəncirinin kəsilməsində əldə etdiyimiz müvəffəqiyyət əhalinin işbirliyi və fəal iştirakı olmadan mümkün olmazdı.
Peyvənd COVID-19-a nəzarət mexanizmində böyük rol oynayır. Lakin ən azı yaxın gələcək üçün hamımız virusun yayılmasını azaltmaq üçün gördüyümüz bu ictimai səhiyyə tədbirlərinə davam etməliyik.
Ümumdünya Səhiyyə Təşkilatı məhdudiyyətləri aradan qaldırmazdan öncə hər bir ölkənin yerinə yetirməli olduğu altı meyarı müəyyən edib:
1) Virusun ötürülməsi nəzarət altındadır.
2) Səhiyyə sistemi hər bir yoluxma halını aşkarlaya, test edə, izolyasiya və müalicə edə və hər təması izləyə bilir.
3) Səhiyyə müəssisələri kimi isti nöqtələrdə virusa yoluxma riski minimuma endirilir.
4) İş yerləri, məktəblər və digər vacib yerlərdə profilaktik tədbirlər görülür.
5) Başqa ölkələrdən virusun yayılma riskini idarə etmək üçün tədbirlər görülür.
6) İcmalar tam maarifləniib, yeni normalara uyğunlaşmaq qabiliyyətinə malikdir.
Bunlar hər bir ölkənin COVID-19-un yayılmasını aşağı və idarəolunan səviyyədə saxlamaq üçün istifadə etməsi lazım olan meyarlardır. Bu addımlar ölkələrin tədricən məhdudiyyətləri aradan qaldırmasına kömək edə bilər. Bu, xəstəlik riskini minimuma endirməklə yanaşı, iqtisadi və sosial həyatın yenidən bərpa olunmasına imkan yaradır.
- Üçüncü dalğa gözlənilirmi? Nələrə hazırlıqlı olmalıyıq?
- Birinci, ikinci və ya üçüncü dalğa adlandırmağımızın əslində heç bir əhəmiyyəti yoxdur. Gördüyümüz budur ki, bu, hökumətlərin və fərdlərin tətbiq etdikləri tədbirlərdən asılı olaraq yoluxma hallarının azalması və ya artımı ilə birlikdə böyük bir pandemiyadır və tövsiyələrə riayət edərək virusun yayılmasının qarşısını ala bilərik.
- Virusun mutasiya keçirmiş iki növü qeydə alınıb - İngiltərə və Cənubi Afrikada. Ümumiyyətlə, mutasiya nə dərəcədə təhlükəli ola bilər?
- Virusun variasiyaları ümumi bir fenomendir və özləri təhlükəli olmaqla yanaşı virusun davranışını dəyişdirə bilərlər. Bu səbəbdən onların inkişafını yaxından izləyirik.
Yeni variasiyaların insanlar arasında daha sürətlə yayıla biləcəyinin əlamətləri müşahidə edilib. Yayılma sürətini azaltmaq üçün eyni tədbirlərə davam etməliyik.
İndi hər zamankındən daha yaxşı təchiz olunmuş və məlumatlıyıq. Vəziyyət daim inkişafda olsa da, qeyd etmək vacibdir ki, virus variasiyalarının yayıldığı bir çox ölkələrdə tətbiq olunan tədbirlər effektivliyi sübut olunmuş tədbirlərdir.
Unutmayaq ki, COVID-19 artıq ciddi bir xəstəlikdir və yayılmasına nəzarət etmək üçün hər şey edilməlidir.
- ÜST dünyanın bəzi regionlarında yoluxmanının azaldığını bəyan etdi. Sizcə, bu proses digər ölkələri də əhatə edə bilərmi?
- Dünyada qeydə alınan COVID-19-a yoluxma hallarının sayında artıq altıncı həftədir ki, azalma müşahidə edilir. Nə qədər çox insan peyvənd olunarsa, insanların təhlükəsizliyi bir o qədər də artar.
- Ötən 1 il karantin rejiminin tətbiqində hansı qüsurları ortaya çıxardı? Nəqliyyaytdan istifadənin minimuma endirilməsi, evdən küçəyə çıxmamaq kimi güclü qapanma virusdan xilas olmaqda yenə əsas rol oynayırmı?
- Qapanmalar yoluxmaların artım sürətini yavaşlatmağa və səhiyyə sisteminə daha sərt ictimai səhiyyə tədbirlərini həyata keçirməsi üçün vaxt qazanmağa kömək edən müvəqqəti bir tədbirdir. Azalma qeydə alındıqdan sonra, bütün şübhəli hallar test edilməli və pozitiv halları izolyasiya etmək üçün bütün təmaslar izlənilməli və virusa yoluxanlar karantinə alınmalıdır. Bu zaman kəsiyi xəstələrin ehtiyaclarına görə optimal qayğı əldə etməsi naminə xəstəxanaları yenidən təşkil etmək üçün uyğun vaxtdır.
Bir çox hallarda “qapanma” adlandırılan fiziki məsafə saxlama tədbirləri və hərəkət məhdudiyyətləri insanlar arasında təmasları məhdudlaşdıraraq COVID 19-un ötürülmə sürətini yavaşlada bilər.
Hökumətlər qapanma tədbirinin yaratdığı imkandan maksimum dərəcədə faydalanaraq bütün yoluxma hallarını aşkarlamaq, izolyasiya, test və müalicə etməkdə potensialı artırmaq üçün əllərindən gələni etməlidirlər. ÜST cəmiyyətdə virusun ötürülməsinin ciddilik səviyyələrinə əsaslanan və hər bir səviyyədə nəzərdən keçirilə bilən mütənasib tədbirlər toplusunun tətbiqinə təşviq edir.
- Hazırkı şəraitdə metronun fəaliyyəti bərpa oluna bilərmi? Digər ölkələrdə ictimai nəqliyyatın fəaliyyəti necə tənzimlənir?
- Hər bir ölkə cari vəziyyətə və epidemiyanın fərqli mərhələlərinə əsasən hansı addımları atacağına qərar verir. Bu qərarlarda resurslar və potensiallar, eləcə də icmaların cəlbi və inamı daxil olmaqla, bir çox amillər nəzərə alınmalıdır.