Bir neçə gün əvvəl Bakının məktəblərinin birinin sinif otağnda dərs zamanı qeyri-etik hərəkətlərin videogörüntüləri yayılmışdı. Hadisədən sonra Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) məsələnin araşdırılacağını açıqladı.
Teleqraf.com xəbər verir ki, bu gün BŞTİ görüntülərin Xəzər rayonu, 165 nömrəli orta məktəbdə qeydə alındığını bildirib.
Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışın əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi araşdırma aparıb, dərsin təşkilindəki nöqsanlara görə fənn müəlliminə töhmət verilib.
Görüntülərlə bağlı 165 nömrəli tam orta məktəbin açıqlamasında bildirilir ki, direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün təqdimat verilib. Həmçinin, hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb: "Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüblər".
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir: "Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".