5 May 2023 14:05
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1997-ci ildən başlayaraq qazilərə təxminən 7 min 500-dən artıq nəqliyyat vasitəsi verib.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədr müavini Pərviz Səfərov "Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin təşkilatçılığı ilə "Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həlli yolları və perspektivlər" mövzusuna həsr edilmiş tədbir zamanı deyib.

O qeyd edib ki, həmin avtomobillər müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşu zamanı əlilliyi təyin olunmuş şəxslərin reabilitasiya vasitəsi olaraq verilib:

"Son Vətən müharibəsində əlillik dərəcələri təsbit olunandan sonra nazirliyin tabeliyində olan Dövlət Tibbi-Ekspert Agentliyinin göstərişi Sosial Xidmətlər Agentliyinə gəlir. Bundan sonra növbəlilik qaydasında həmin nəqliyyat vasitələri aidiyyəti üzrə verilir. Mənzillərlə yanaşı, bu avtomobillər mütəmadi olaraq respublika daxilində əlamətdar günlərdə təqdim olunur. Nəqliyyat vasitəsi həkim tibbi ekspertizası tərəfindən əlillik dərəcələri təsbit olunmuş şəxslərə verilir".

Sədr müavini qeyd edib ki, birinci mərhələdə Səhiyyə Nazirliyinin vermiş olduğu əlillik, xəstəlik səbəbləridir: "Əlilliyi ƏƏSMN vermir, nazirlik həkimin verdiyi rəyə baxır. Əgər sənəd Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamədə həmin xəstəlik əlilik dərəcəsinə əsas verirsə, əlillik dərəcəsinin təminatını aparır.

İkinci halda, verilmiş diaqnoz şəxsə avtomobil idarə etməyə icazə verirsə, o zaman göstəriş verilir ki, bəli, şəxs nəqliyyat vasitəsi idarə edə bilər. Yalnız bundan sonra nəqliyyat vasitəsi verilir.

Ola bilsin ki, qazinin bir neçə orqanında fəsad var. Bu fəsadlardan yalnız biri əlilliyə əsas verir. Bu fəsadla o, əlillik dərəcəsi alır.
Şərti olaraq deyirəm, ola bilsin qazi Maştağada yatıb. Bu səbəb deyil ki, qaziyə maşın verilməsin. Çünki əsas səbəb hərəkət məhdudiyyətidir. Nəzərə alaq ki, təqdim edilən avtomobil də reabilitasiya vasitəsidir. Bunlar əsaslardır. Bu gün hərəkət məhdudiyyəti müəyyən olunma Nazirlər Kabinetinin əsasnaməsində öz əksini tapıb".

"Ola bilsin kiminsə sürücülük hüququ yoxdur, amma avtomobil almağa imtiyazı var. Bu o demək deyil ki, şəxs maşın ala bilməz. Dövlət ona bu haqqı tanıyıbsa, o maşını alır", - deyə Pərviz Səfərov vurğulayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər