Bu yaxınlarda rayonların birində evi yanan sakin kömək üçün Rayon İcra Hakimiyyətinə müraciət etmişdi. İcra Hakimiyyətindən bildirmişdilər ki, onun evi sığortasız olduğu üçün heç bir yardım göstərə bilməyəcəklər.
İnsanlar mənzillərini niyə sığorta etdirmirlər?
Sığorta mütəxəssisi Xəyal Məmmədxanlının sözlərinə görə, icbari sığorta haqında qanun qəbul olunub. Həmin qanunda əmlakın yanğından icbari sığortası barədə yazılıb: “Qanunda qeyd olunub ki, fiziki və hüquqi şəxslərə məxsus evlər, qeyri yaşayış obyektlərinin hamısı icbarı qayda ilə sığortalanmalıdır. Daha əvvəlki qanunvericilikdə fiziki şəxslərin evləri yox idi. Amma indi sığortaya daxil edildi və məcburidir. Təəssüflər olsun ki, tətbiq edilmir. Lakin mənzillərə nəzarət edilmir, insanlar əmlak sığortasına biganə yanaşırlar. Yalnız obyektlərə Fövqəladə Hallar Nazirliyi nəzarət edir deyə sığortalanır”.
Bakıda 25 min, rayonlarda isə...
Əmlakın harada yerləşməsindən asılı olmayaraq Azərbaycanın bütün regionlarında yerləşən əmlakların, xüsusi ilə evlərin sığortaya cəlb olunduğunu deyən mütəxəssis qeyd edib ki, əmlak sığortasının iki növü var: “İcbari və könüllü. İcbari sığortanın məbləği və sığorta haqqı qanunla müəyyən olunur. Bu göstərici isə bölgələr üzrə fərqlidir. Məbləğlər qanunla müəyyən edilib. Bakı şəhəri üzrə sığorta məbləği 25 min manat, illik sığorta haqqı 50 manatdır. Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində sığorta məbləği 20 min, sığorta haqqı 40 manatdır. Digər yaşayış məntəqələrində sığorta məbləği 15 min, sığorta haqqı 30 manatdır. Bu o deməkdir ki, təbii fəlakətlər zamanı əmlakına dəyən zərərin yalnız sığorta məbləğinə bərabər hissəsi ödənilir”.
“Əmlak sığorta edilmirsə 10 manat cərimə”
Xəyal Məmmədxanlının sözlərinə görə, bu məsələdə problem ondan ibarətdir ki, vətəndaşlara məxsus evlərin sığortasına nəzarət aparılmadığına görə, vətəndaşlar bundan yayınırlar: “Heç insanların məlumatı yoxdur ki, bu sığorta aparılır, yoxsa yox. Sığorta müqaviləsinin bağlanmasına görə cəmi 10 manat cərimə ödənilir deyə vətəndaş bu işdə maraqlı deyil. Sığorta məcburidir. Sadəcə olaraq, qanunun icrasına nəzarət mexanizmi yoxdur. Hansısa orqana tapşırılsa da, onlar vətəndaşların qapılarını bir-bir döyüb “Sığortanız varmı? deyə maraqlanmırlar. Yalnız bəzi hallarda – alqı-satqı zamanı vətəndaş məcbur edilir ki, əmlakını sığortalatsın. Ən böyük problem ondan ibarətdir ki, Azərbaycandakı bir çox evlərin mülkiyyət hüququnu təsdiq edən sənədləri yoxdur deyə sığortalaya bilmirlər”.
Ekspert bildirib ki, bu sahədə problemlər kifayət qədər çoxdur: “Həm təbliğat zəif aparılır, həm də cərimələr azdır. Vətəndaşlar onların qapısını döyən sığortaçıların üzünə qapını açmırlar. Mənzil İstismar İdarələri fəaliyyət göstərsələr, bəlkə onların vasitəsilə sığorta problemini həll etmək olardı”.
Qazın partlayışı, yanğın, zəlzələ, vulkan...
Qeyd edək ki, Əmlak sığortasının da sığorta riskləri var: Yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
Təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
Üçüncü şəxslərin hərəkətləri.
Nə zaman əmlak sığortalanmır?
Ekspert deyir ki, bəzi səbəblər var ki, sığortaçılar həmin hallarda əmlakları sığortalamır: “Sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi daşınmaz əmlak, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan və Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilməyən yerlərdə inşa edilmiş daşınmaz əmlak sığorta oluna bilməz”.
Xəyal Məmmədxanlı sığorta müqavilələrini bələdiyyələrə tapşırmağı təklif edir: “Məncə, bələdiyyələr bu işdə müəyyən nəticələr əldə edə bilərlər”.
İlhamə