31 Avqust 2016 14:11
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təzə Pir məscidində xalq artisti, “Şöhrət” ordenli bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi başlayıb.


Teleqraf.com xəbər verir ki, mərasimdə bəstəkarın ailə üzvləri, yaxınları, tələbələr iştirak edir.

Oqtay Zülfiqarov vida mərasiminin ardından II Fəxri xiyabanda dəfn olunacaq.

Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmiş, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin tələbəsi olub.

Sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, simfonik, instrumental və kamera əsərləri yaradıb, həm kino, həm teatr sənətinə töhvə verib. Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən mənim xalqım” uvertürası, “Qız ulduz” “Pişik və sərçə” nağıl-operaları, “Sehrli alma ” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur.

Bəstəkar yaradıcılığının böyük bir qismini uşaqlara həsr edib. Onun uzun illər ərzində yazdığı “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı?”, “Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olub.

Oqtay Zülfüqarov 1972-ci ildə əməkdar incəsənət xadimi, 2000-ci ildə xalq artisti fəxri adlarına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. O, Prezident təqaüdçüsü idi.

Nərmin


Müəllif:

Oxşar xəbərlər