“Leysan xarakterli yağışlarının yağması nəticəsinə Tovuz rayonun Qarağatlı kəndində torpaq sürüşməsi baş verib, 1 fərdi ev tamamilə sıradan çıxıb. İnsan tələfatı olmasa da, sürüşmə prosesi tikilinin dağılmasına səbəb olub”.
Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
Sadiq Əmiraslanovun sözlərinə görə, bu cür yağışlar gələcəkdə həmin sürüşmə sahəsinin genişlənməsinə səbəb olacaq: “Respublikada ən son əmələ gələn sürüşmə sahələrindən biri Gədəbəy rayonunun Hacılar kəndi ərazisindədir. Həmin yerin sürüşmə ərazisinin struktur eni 1, uzunluğu 300-400 metrdir. Kəndarası yolların bağlanması ilə nəticələnib. Hazırda həmin ərazidəki fərdi yaşayış evinə ziyan dəyməsə də, leysan xarakterli yağışlar aktivliyə səbəb ola bilər. Bu zaman fərdi yaşayış evi və yaxınlıqdakı infrastruklar üçün ciddi fəsad yaraması ehtimalı da var”.
Sadiq Əmiraslanov qeyd edib ki, yağan leysan xarakterli yağışları avqust ayında digər sürüşmə sahələrində ciddi təhlükə yaratmayıb.
İlhamə ƏBÜLFƏT