Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti, “Mastercard” beynəlxalq ödəniş texnologiyaları təchizatçısı və “Unibank” ASC birgə layihəyə start veriblər.
Layihə çərçivəsində “Uber”in tərəfdaş sürücülərinə qazandıqları vəsaiti rahat istifadə edə bilmək üçün unikal təklif təqdim edilir. Bunun üçün hər bir “Uber” sürücüsü “Unibank”ın Bakı və ya Abşeronda yerləşən istənilən filialına yaxınlaşıb VÖEN hesabı açmalıdır. Filialda sürücüyə dərhal “Mastercard” debet kartı ALBALI PLUS təqdim olunur. “Uber” tərəfindən VÖEN hesabına köçürülən vəsait avtomatik olaraq həmin karta yatırılır və sürücü kartda olan vəsaitdən rahat şəkildə istifadə edə bilir. Layihənin əsas məqsədi də məhz “Uber”in partnyor sürücülərinin qazandıqları vəsaitlərdən rahat istifadə etməsidir.
Bundan başqa, “Uber” sürücüləri “Unibank”ın “SMS Banking”, “Mobile Banking” və “Internet Banking” kimi xidmətlərindən tam pulsuz olaraq yararlana biləcək. Eyni zamanda, sürücülər kartdan nağdlaşdırmaya görə heç bir komissiya haqqı ödəməyəcək. Kart ilə nağdsız ödəniş etdikdə sürücüyə xərclənən məbləğin 20%-dək hissəsi “cash back” kimi geri qaytarılacaq, kartdakı qalıq məbləğə görə isə illik 6%-dək gəlir hesablanacaq.
“Bakıda fəaliyyətə başladığımız dövrdən etibarən biz xidmətimizi istifadəçilərin tələblərinə uyğunlaşdırmışıq. Artıq istifadəçilər əlverişli qiymətlərlə “UberX” və ya biznes-klass xidməti olan “UberSELECT” sifariş edə bilirlər. Bu yay nağdsız ödənişlərlə yanaşı, nağd ödəniş funksiyasını da təqdim etdik ki, bu da özlüyündə nağdsız ödənişlərin inkişafına kömək edəcək: istifadəçilər nağd ödənişlə bir neçə gediş etdikdən sonra nağdsız ödəniş üsuluna keçəcəklər. “Mastercard” və “Unibank”ın birgə layihəsi tərəfdaş sürücülərimiz arasında da nağdsız ödənişlərin inkişafına təkan verəcək”, - deyə “Uber”in MDB ölkələri üzrə baş meneceri Aleksey Stax bildirib.
“Ölkənin ən innovativ və texnoloji banklarından olan “Unibank”, öz məhsul və xidmətləri ilə nağdsız ödənişlərin dövriyyəsinin artmasına və kart biznesinə göstərdiyi dəstəyi genişləndirməkdədir. Biz çox şadıq ki, “Uber” və “Mastercard”la olan bu yeni layihəmizlə də kart biznesinə olan töhfəmizi bir qədər də genişləndirmiş olacağıq. Kart bazarında unikal məhsul hesab olunan ALBALI PLUS debet kartı “Uber” sürücülərinin fəaliyyətini bir qədər də asanlaşdırmaqla yanaşı, üstünlükləri ilə istifadəçilərinə daha çox qazanc gətirəcək. Məhz ALBALI PLUS debet kartının üstünlükləri və “Unibank”ın MDB ölkələri banklarının arasında ilk yerləri tutan “Mobil Bank” əlavəsi ilə “Uber” sürücüləri öz vəsaitlərinə istədikləri vaxt nəzarət edib, bank əməliyyatlarını həyata keçirə biləcəklər”, - deyə “Unibank”ın Pərakəndə bank xidmətləri üzrə direktoru Taleh Tahirli bildirib.
“Biz hər zaman “Mastercard”da maliyyə institutu olan müştərilərimizə müvəffəqiyyətlə xidmət göstərmələrinə və bizneslərinin genişlənməsinə dəstək olan həllər təqdim edirik. Qabaqcıl məhsullarımız kommersiya partnyorlarımıza yeni satış kanalları və daha yaxşı alış-veriş imkanları yaratmağa, fəaliyyət effektivliyini artırmağa, həmçinin dələduzluqla mübarizə aparmağa yardım edir. Öz sahəsinin aparıcı nümayəndəsi olan iki şirkətlə əməkdaşlığımıza şadıq və gələcəkdə də Azərbaycanda olan bütün müştərilərilərimizi yüksək keyfiyyətli xidmətlərlə təmin edəcəyik”, - deyə “Mastercard”ın Türkiyə və Azərbaycan üzrə regional meneceri Yasemin Bedir qeyd edib.