“Azərbaycan müsəlman ölkələri içərisində nadir ölkədir ki, dövlətin daxilində, xalqın içində dini məzhəb qarşıdurması olmayıb. Biz digər ölkələrdə dini məzhəb zəmnində qarşıdurmaları, nələrin baş verdiyini görürük”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisdə çıxışı zamanı deyib.
Deputat xatırladıb ki, bir neçə gün əvvəl Lalə Yusifova adlı qızın sosial şəbəkələrdə müraciəti yayılıb: “Onun beynini yuyublar. Kiçik yaşlı qız atasına deyir ki, səni görmək istəyirəm. Ancaq bilmirəm görə biləcəyəm, ya yox. Beləcə insanların beynini yuyub Suriyaya və digər ölkələrə aparırlar. Bizim müvafiq strukturlar ciddi iş aparırlar. Mən xaricdə təhsilin tərəfdarıyam. Amma dini təhsilin yox. Müsəlman ölkələrində əksər universitetlər məzhəb-təriqəti əsas götürür”.
Q. Paşayeva əlavə edib ki, Azərbaycanda müxtəlif dinlər sakit və sülh şəraitində, mehribanlıqla yaşayır: “Elə müsəlmanlar arasında da məzhəb anlayışları üzərində qarşıdurma olmayıb. Biz zərərli ideyalara qarşı mübarizə aparmalıyıq. Mən “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklərin tərəfindəyəm. Biz insanlarımızın belə zərərli təsirlərə məruz qalmaması üçün düşünməliyik. Medianın da üzərinə böyükl işlər düşür. İnsanları düzgün maarifləndirmək lazımdır ki, zərərli təsirlər ölkəmizə yayılmasın”.
Nemət