14 Noyabr 2016 17:43
4 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən mətbuatda belə bir fikrə rast gəlirik: “Bizim millət boşana bilmir”. Bu fikrin yaranmasına səbəb boşanmalar zamanı qarşılıqlı ittihamların səslənməsi, uzun-uzadı məhkəmə çəkişmələri, bu çəkişmələr zamanı ortaya çıxan problemlərdir.

Biz niyə yolumuz sakit-səssiz ayıra bilmirik, bunun səbəbi qanundakı boşluqlardır, yoxsa mentalitet? Boşanmaq istəməyən tərəf kişilərdir, ya qadınlar?

Teleqraf.com bu suallara cavab tapmaq üçün ekspertlərə üz tutub.

“Bu gün qadınlar daha cəsarətlidir”

Psixoloq Elnur Rüstəmov deyir ki, artıq bizim cəmiyyətdə də bu mədəniyyət formalaşır: “Dünənə qədər bizim etnopsixologiyamızda qadın bütün hallarda kişinin namusu kimi qəbul edilib. Eləcə də, kişi qadının. Bu yanaşmadan çıxış edərək ailəni qoruyurdular. Bəzən ər-arvad boşanırdılar, boşanandan sonra belə qadın kiminsə himayəsində qalırdı: Tutaq ki, qardaşın, yaxud qayınatanın. Çünki Azərbaycanda uzun illər qadınlar boşanandan sonra çox az halda evlənirdi. Qadınlar boşanandan sonra daha çox uşaq böyütməklə məşğul olublar. Ancaq biz bu gün bunun fərqli formasını görürük. Qadınlar boşanandan sonra təkrar ailə qurur. Yəni həm ailə qurur, həm karyerasını davam edir, həm də uşaq böyüdür. Ona görə də bir çox kişilər bu prosesi normal keçirə bilmirlər. Əgər 15 il əvvələ qədər boşanma təklifini daha çox kişilər edirdisə, bu gün qadınlar daha cəsarətlidir. Bunu da kişilər normal qəbul edə bilmir. Çünki dünənə qədər ancaq onlar özləri müraciət edirdilər ki, mən bu qadınla yaşamaq istəmirəm”.

Psixoloq boşanma statistikasında nisbətin çox dəyişdiyini düşünür: “Çünki boşanma üçün müraciət edənlərin əksəriyyəti qadınlardır. Biz bilmirik ki, nə baş verir, ailənin dağılmasının təqsirkarı kimdir, amma müraciəti qadınlar edirlər. Bunu da kişi qəbul etmir, amma buna baxmayaraq, nəticədə ailə dağılır. Boşanandan sonra da qadının həyatına müdaxilələr etməyə başlayırlar.

Ona görə də proses zamanı tərəflərə hüquqi dəstəklə yanaşı, psixoloq dəstəyi də göstərilməlidir ki, onlar sivil qaydada ayrıla bilsinlər.

Bizə boşanma prosesindən əziyyət çəkən şəxslər müraciət edirlər, çıxış yolu axtarırlar. Ancaq etiraf edək ki, hamı müraciət etmir, hamı bu prosesdə aktiv olmur. Bəzən görürük ki, tərəflər aktiv olmur, bu da prosesin ümumi gedişatına mənfi təsir göstərir. Ancaq gün ərzində ailədaxili konfliktlərə və ya boşanmalara görə bizə müraciətlər olur.

Boşanmanı normal qəbul etmək lazımdır. Biz görürük ki, münaqişələrin böyük qismi ailə-məişət zəminində baş verir”.

Ekspert yaxın 10 illə müqayisədə bu sahədə böyük irəliləyiş olduğunu deyir: “Artıq əksəriyyət başa düşür ki, psixoloq psixi sağlam insanla məşğul olur. Ümumiyyətlə, ailə məsələləri, xüsusilə də boşanma halları ilə bağlı çox həssas olmaq lazımdır. Çünki biz qapalı dövlətdə yaşamırıq, qlobal dünyada, informasiya əsrində yaşayırıq. Biz istəsək də, istəməsək də, lazım olan və olmayan məlumatlar alırıq. Lazım olan və olmayan ailə dəyərləri ilə tanış oluruq, seriallarda Azərbaycan reallığına uyğun gəlməyən ailə modelləri görürük. Bu gün Azərbaycanın əyalətlərində yaşayan insanlar da özünə komfort qurmağa çalışır. Kimsə deyə bilər, psixoloqun nəyinə lazımdır, kim özünə komfort qurur? Bu, həmin adamın öz işidir. Əyalətlərə getsəniz görərsiniz ki, artıq ailələrin peyk-antenası da var, qabyuyan, paltaryuyan maşını da. Lazım olanda zavod çörəyi də alır, artıq təndirə çörək yapmır, toyuq-cücə saxlamır, broyler toyuğu alır. Niyə? Çünki ona elə rahatdır. Mən bunu hamıya şamil eləmirəm. Ancaq məsələ burasındadır ki, azca imkanı olan adam öz rahatlığını düşünür. Heç kim mələk deyil, heç kim göydən gəlməyib. Hamı bu yer üzündə yaşayır, hamı da hər şeyi gözəl bilir. Sadəcə, bunu qəbul etmək lazımdır. Cəmiyyət arasında bir cür danışırlar, ancaq reallıqda başqa cür addım atırlar”.

“Mədəni boşana bilmirik”

Sosioloq Cavid İmamoğlunun sözlərinə görə, ailələr hələ də boşanmanı çox böyük skandal kimi qəbul edirlər: “Nəticədə ailədaxili münasibətlərin münaqişəli səviyyəyə qədər gəlib çıxmasına səbəb olurlar. Təbii ki, boşanma münaqişələrin həlli üçün çıxış variantı olmasa da, yaxşı olardı ki, belə vəziyyətlə üzləşən ailələrə psixoloji dəstək verilsin. Eyni halda boşanmaq istəyən tərəflərlə ayrılıqda söhbətlər aparılmalı və onlar fikirlərindən daşındırılmalıdır.

Azərbaycanda münaqişəli ailələrlə bağlı psixoloji xidmətlər zəifdir, boşanan tərəflər ictimai qınaqla üzləşirlər. Xüsusilə qadınlar tənhalıq və tək qalmaq statusundan qorxduqlarına görə bir çox hallarda ərləri ilə yaşamalı olurlar. Ona görə də insanlar mümkün qədər boşanmadan qaçırlar.

Hansısa formada həlli olmayan ailə münaqişələrinin ən ideal variantı boşanmadır. Nəticədə tərəflər sivil qaydada məhkəməyə müraciət edərək boşanır və bir daha bir-birlərini narahat etmirlər. Təəssüflər olsun ki, bu cür sivil boşanma hallarına az-az rast gəlinir. Belə ki, tərəflər boşandıqdan sonra da bir-birlərini qısqanmaqla yanaşı narahat etməkdən çəkinmirlər. Halbuki belə bir rəftar boşanma ilə bağlı qanunvericiliyin tələblərinə köklü şəkildə ziddir. Sözügedən halla üzləşən şəxslərə hüquq mühafizə orqanları tərəfindən dərhal yardımlar edilməlidir. Eyni halda yenidən həyata və cəmiyyətə adaptasiya olunmaları üçün də psixoloji yardımların edilməsi zəruridir”.

“Bəs bunlar harda sevişsinlər?”

Tanınmış yazar Sevinc Elsevər bu mövzuda fərqli düşünür: “Doğrudan da ruhən bir-birinə yaxın, bab olan adamlar boşanmırlar. Bir-birlərinin səhvlərini də bağışlayırlar. Hətta bir-birinin pis qoxularına da (əgər varsa) öyrəşirlər, xoşlamadıqları cəhətlərini yola verirlər. O cəhətlər ki, Karlson demişkən, adi həyati hadisədi, yəni fövqaladə çətinliklərə, qəlb qırmalara yol açmır. Amma bir-birinin ruh əkizi olmayan, dünyagörüşü çox fərqlənən kişi və qadın himə bənddi ki, ayrıla. Ona görə də gənclər gərək bir-birlərini tanıyıb evlənsinlər. Toyda-zadda bir-birlərini uzaqdan görüb “görücü üsulu” ilə evlənməsinlər.

Bu yaxınlarda oğlumu kursa aparmışdım. Qapının ağzında gözləyən “mamaşaların” arasında oturmalı oldum. Gördüm ki, bir qadın, gəncdi, hətta məndən də uşaqdı, amma 70 yaşlı arvadın ağlıyla danışır. Deyir baldızımın qızı bu il universitetə girib. Bizdə qalır. Ona tapşırmışam ki, nə qədər mənim evimdəsən, bir oğlanla görüşməyəcəksən. Yanında oğlan gördüklərini eşitsəm, məhləyə oğlanla girsən, evimdən çıxardacam səni. Get kirayə qal, öz bildiyin kimi də yaşa. Digər qadınlar da dedilər ki, yaxşı demisən. Mən heç vaxt belə söhbətlərə qarışmıram. Amma bu gənc qızın vəziyyəti həqiqətən ürəyimi ağrıtdı. Deməli, bu qadının evində yaşamağa məcburdu deyə, sevmək, kiminləsə görüşmək haqqı yoxdu. Qadına dedim ki, “bəs bu harda sevsin, sevmək nədi harda öyrənsin? Sonra da deyəcəksiz ki, yaşı keçdi, evdə qaldı”.

Qadınlar düşdülər üstümə, nə düşdülər. O vaxtdan məni görəndə üzlərini çevirirlər. Ümumiyyətlə, bizim cəmiyyətdə nəinki boşanan adamlar, iki sözü düz gəlməyən adamlar bir-birlərini düşmən elan edir. İstər intellektuallar olsun, istər savadsız adamlar.

Sevinc Elsevər bu problemdən çıxış yolunu da göstərir: “Bizim kişilər və qadınlar nə vaxt ki, normal üsullarla evlənəcəklər, onda normal şəkildə də ayrılmağı bacaracaqlar. Siz hələ deyin görüm, onlar harda normal münasibət qururlar ki? Harda sevişirlər? Necə evlənirlər? Evlənəndən sonra ailələrə böyüklər müdaxilə edir. Sənin anan bunu dedi, mənim anam bunu dedi. Baldız belə getdi, qayın elə gəldi. Sonra uşaqlar doğulur. Kişi və qadın kimi bir-birlərini tanımağa, sevməyə macalları olmur. Ayrılmaq niyə faciəlidi? Bir dəfə dostlarımdan birinin ailəsində söz-söhbət düşmüşdü. Arvadı da el namusuyla yaşayan bir qadın. İstəyirdi ailəsini atsın. Mən o vaxt ona dedim ki, Azərbaycanda bildiyimiz “namuslu” qadından ayrılmaq onu əbədi şikəst etmək kimi şeydi. Diri-diri məzara gömülmək kimi şeydi. O, nə heç kimlə münasibət yaşaya bilməyəcək, nə də onunla ikinci dəfə ailə qurmaq istəyən olmayacaq. İstisnalar var, onlar çox azdı. Ya gərək fövqaladə gözəl olasan, ya da fövqaladə pullu ki, boşanandan sonra azərbaycanlı kişi səninlə evlənmək istəsin.

Bir çox azərbaycanlı qadının iqtisadi azadlığı yoxdu. Uşaqlara baxa-baxa işləmək çox çətindi onun üçün. Boşanıb dədəsinin evinə gedəndə gəlin burunlayır, ata burunlayır, qardaş burunlayır. Kişilərin çoxunun heç öz evi yoxdu, ata-anasının evinə gəlin aparır deyə, boşananda evdən pay da ala bilmir qadın. Yaxud kişi elə çoxbilmişliyindən evi öz adına almır ki, boşansam, arvad ev tələbində bulunmasın. Belə çirkinliklərlə mübarizə apar, bunun üstünə gəl kənardakı söz-söhbətləri, qınaq hədəfinə çevrilməyi və s. Ona görə də azərbaycanlı qadın boşanmağı faciə bilir və bu faciəni onun başına açmış kişini düşmən sayır. Kişiyə gəldikdə isə, qadınlar kişilərdən o halda boşanırlar ki, o, içki düşkünü, ya narkotik aludəçisi olsun, ya da buna bənzər pis alışqanlıqlar səbəbindən. Özünün dəyərsiz olduğunu başa düşən, heç kimə lazım olmadığını dərk edən kişi bilir ki, əlinə bir saf qadın düşmüşdü, onu da itirir və bu da onu özündən çıxarır. Qatilliyə qədər aparır. Çünki itirməyə başqa heç nəyi yoxdu.

Azərbaycan cəmiyyətində insan tapmaq çox çətindir. Bir qadını evinə gətirmək üçün bir kişi nə zülmlər çəkir. Müxtəlif mərasimlərə tökülən pullar, yalvar-yapış, minnət-xahiş və s. Qızlar da həmçinin. Özlərini bir kişi üçün qoruya-qoruya, borcla-xərclə cehiz apara-apara, toy edə-edə ərə gedirlər, sonra da boşanırlar. Deyirsən düşmən olmasınlar? Düşmən olmaları üçün çoxlu ciddi və kədərli səbəbləri var. O səbəblər aradan qalxsa, azərbaycanlı gənclər çox xoşbəxt olarlar. Evlənəndə də, boşananda da özlərini xoşbəxt hiss edərlər. Boşanmaq faciə sayılmaz. Evlənmək də adi həyati bir hadisəyə çevrilər Karlson demişkən...”

Sevinc Fədai


Müəllif:

Oxşar xəbərlər