25 Yanvar 2017 16:59
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-ci ildə Uşaq “qaynar xətti”nə 3600 zəng gəlib. Müraciətlər daha çoxu zorakılıqla bağlı olub”.

Bunu Teleqraf.com-a Uşaq “qaynar xətti”nin layihə rəhbəri Ruhanə Əhmədova deyib.

Onun sözlərinə görə, Uşaq “qaynar xətti 2010-cu ildən fəaliyyət göstərir və bu illər ərzində 20 minə yaxın zəng qəbul edilib: “Müraciətlər müxtəlif yaş qrupları arasında olur. Daha çox azyaşlı uşaq və yeniyetmələr müraciət edir ki, onların arasında da 9-16 yaşlılar üstünlük təşkil edir.

Daha çox ailə daxili problemlər, imtahan qabağı stress, tənhalıq, təhsil, zorakılıqla bağlı müraciətlər edirlər.

“Qaynar xətt”ə zəng daxil olan zaman operatorlar tərəfindən həmin zəng digər xidmət sahələrinə yönləndirilir. Uşaq hüquqları klinikası, Uşaq və Gənclər üçün sosial reabilatasiya mərkəzində cinayətə meylli, təhsildən yayınan uşaqlarla psixoloq və sosial işçilər məşğul olur.

Reabitasiya müddəti 4-6 aydır. Hansı uşaq həmin müddət çərçivəsində problemi həll edilmirsə, biz onunla 1-2 il mütəmadi məşğul oluruq və uşağı daim nəzarət altında saxlayırıq”.

Layihə rəhbəri deyir ki, telefonda köməklik istəyən uşaqlara da yardım göstərilir: “Psixoloji problemi olan uşaq telefonda danışmaq istəyirsə, psixoloq və sosial işçi onunla təmasa girir. Onlar uşağın digər problemini öyrəndikdə reabitasiya mərkəzlərimizə yönəldirlər”.

Ruhanə Əhmədova bildirib ki, Gəncədə regional uşaq "qaynar xətt"i fəaliyyət göstərir: "Həmin mərkəzə də müraciətlər daxil olur. Gəncə və ətrafı rayonlardan - Qazax, Tovuz, Şəmkirdən indiyədək 900-ə yaxın zəng daxil olub”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər