Tanınmış jurnalist Azər Qaraçənli Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Azər bəy, psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərini eşidəndə ilk reaksiyanız necə oldu?
- Rəhmətlik Dəyanət Rzayevlə şəxsi tanışlığım olmayıb. Onu kütləvi informasiya vasitələrindəki çıxışlarından tanımışam. Jurnalistlər tez-tez ona müraciət edirdilər və o da mediaya açıq insan idi, həmişə sualları cavablandırır, bir psixoloq kimi şərhlər verirdi. Necə deyərlər, jurnalistlərin dostu idi. Mən ixtisasca psixoloq olsam da, jurnalistika sahəsində çalışıram. Bu baxımdan Dəyanət Rzayevin ölümünü hər iki cəhətdən özüm üçün, həm də hər iki cəbhənin - psixologiya elminin və jurnalistikanın təmsilçiləri üçün itki sayıram. Bundan da geniş mənada o, millətimizin itkisidir. Daha geniş mənada isə dünyaya itki üz verib, bir gənc, istedadlı, savadlı alim dünyadan köçüb. Öz əcəliylə ölsəydi də, hamımız buna heyfsilənəcəkdik, ancaq onun intihar etməsi məni lap çaşdırdı. Psixoloq, həm də intihar mövzusunda tez-tez danışan, mediaya bu mövzuda çoxlu şərh verən, faktiki insanları intihardan çəkindirməklə məşğul olan bir psixoloq intihara əl atır. Bu, təkcə hüquqi yox, elmi baxımdan da araşdırılası bir hadisədir.
- Bir çoxu deyir ki, insanları intihardan çəkindirən psixoloq da özünə qəsd edirsə, bu, düşündürücüdür. Ancaq dünyada intihar edənlər arasında psixoloqların sayının çox olduğu bildirilir. Sizin yanaşmanız necədir?
- Belə bir fikri ilk dəfədir eşidirəm. Məncə, burada yanlışlıq var. Psixoloqluq intihar riski yaradan peşələrdən deyil. Ancaq məsələnin bu tərəfini qırağa qoyaq. Ümumiyyətlə, intihar barədə istənilən statistikaya şübhə ilə yanaşmaq lazımdır. Belə statistikalar şərti xarakter daşıyır. Ona görə ki, intiharların hamısını statistik cəhətdən qeydə almaq mümkün deyil. Statistika yalnız açıq-aşkar özünü öldürmüş adamların qəsdini intihar kimi qeydə alır. Amma özünəqəsd təkcə kəndiri boğazına keçirib düyünləməkdən, silahı gicgahına dirəyib tətiyi çəkməkdən, benzini üstünə töküb odlamaqdan, dərmanı ovuclayıb içməkdən ibarət deyil. Gizli intiharlar da var. Gecə-gündüz araq içmək, siqaret çəkmək, narkotik qəbul etmək, alpinizm, avtomobil yarışı, ekstremal jurnalistika kimi işlərlə məşğul olmaq, daima kədərli şeyləri düşünmək... bunların hamısında intihar elementləri var. Ancaq bundan ölən adamlar intihar statistikasına salınmır axı. Qar uçqununa düşən alpinist, avtomobil yarışında həlak olan sürücü, okeanda akulanın, meşədə aslanın parçaladığı, yaxud müharibə zonasında döyüşçünün öldürdüyü jurnalist hansı statistikadadır? Peşə borcunu yerinə yetirərkən həlak olanların statistikasında. Halbuki onların arasında elələri var ki, intihar statistikasına salınmalıdır. Bəs belə adamları necə müəyyən edək? Necə bilək ki, kim arağı şənlənmək, kim ölmək üçün içir? Necə bilək ki, hansı dərd bizdən əl çəkməyib axırımıza çıxır, hansı dərddən isə biz öz axırımıza çıxmaq üçün əl çəkmirik? Bunu bilmək çox çətindir. Bəzən isə heç bilmək mümkün deyil. Hətta biləndə də onu intihar statistikasına salmayacaqlar. Hansı müharibə qəhrəmanın adı intihar statistikasında var? Heç birinin. Amma doğrudanmı özünü tankın altına atan döyüşçülərin arasında bunu təkcə düşmənin yox, daha çox özünün qəsdinə durduğuna görə etmiş bir döyüşçü yoxdur? Əlbəttə, var. İndi biz deyirik ki, Azərbaycanda ilk dəfədir psixoloq intihar edir. Statistik cəhətdən, deyəsən, belədir. Ancaq mən bu statistikaya da şübhə edirəm. Öz əcəliylə ölmüş psixoloqların arasında əslində gizli intiharın qurbanı olmuş adamlar ola bilər. İntiharların hamısından xəbər tuta bilmədiyimizə görə statistik göstəricilərə tam etibarlı mənbə kimi baxmaq olmaz. İntihar statistikaları və ondan çıxan nəticələr yalnız qismən etibarlıdır. O ki qaldı “insanları intihardan çəkindirən psixoloq özünə qəsd edirsə, deməli, cəmiyyətin durumu yaxşı deyil” fikrinə, cəmiyyətdə durumun yaxşı olmadığı ilə tam razıyam. Ancaq Dəyanət Rzayevin intiharının bunun nəticəsi olduğunu yalnız qismən qəbul edə bilərəm. Nəzərə alaq ki, durumu yaxşı olmayan cəmiyyətdə intihar etməyən milyonlarla adam var. İntiharı sırf ictimai vəziyyətlə əlaqələndirmək doğru deyil. Şübhəsiz, ictimai vəziyyət insana böyük təsir göstərir və adamı özünü öldürmək həddinə çatdıra da bilər. Amma çatdırmaya da bilir. Mühitin insana təsiri müxtəlifdir. Eyni mühit hər kəsə eyni cür təsir göstərmir. Ümumiyyətlə, insanın niyə intihar etdiyini heç vaxt axıracan bilmək mümkün deyil. Heç vaxt qəti bilmək olmur ki, insan niyə özünü öldürüb. İntiharın motivini tam aşkara çıxarmaq qeyri-mümkündür. İntihar edən adamın özü də bunu aydın dərk etməyə bilər. İntihar cəhdi baş tutmamış adamlar özlərini niyə öldürmək istədiklərini heç də düz-əməlli izah edə bilmirlər. Ona görə istənilən intiharın motivindən yalnız ehtimalla danışmaq olar. Ehtimalla danışmaq olarsa, deməli, ehtiyatla danışmaq lazımdır. Çünki biz nəinki intiharın, hətta baş tutmamış intihar cəhdinin də əsl səbəbini bilmirik. Elm bunu üzə çıxarmaqda acizdir.
- İntihara meylli adamda hansı əlamətlər müşahidə edilir?
- Konkret bir əlamət yoxdur. Bir qayda olaraq intihar etmiş və ya buna cəhd göstərmiş adamların mənəvi-psixoloji sarsıntılar keçirdiyi bəlli olur. Ancaq sarsıntıya sırf intiharın əlaməti kimi baxmaq olmaz. İnsan depressiyadadırsa, stress vəziyyətindədirsə, bu, o demək deyil ki, intihar edəcək. Şübhələnmək olar, hökm vermək olmaz. Yəni güman etmək olar ki, insan bu vəziyyətdədirsə, intihara əl ata bilər. Amma hökm vermək olmaz ki, mütləq əl atacaq. Kaş birbaşa intihardan xəbər verən bir əlamət olaydı. Onda biz intiharın nədən baş verdiyini, intihar fikrinin insanda nə vaxt, niyə oyandığını, kimlərin intihar ərəfəsində olduğunu bilərdik, bunun da nəticəsində özünəqəsdin sayı minimuma enərdi. Amma təəssüf ki, belə bir əlamət yoxdur. Bir azdan intihar edəcək adamda gördüklərimizi heç vaxt intihar etməyəcək adamlarda da görə bilərik. Ona görə hər bir intihar başqalarına qəfil hadisə kimi görünür. Sonradan yada düşür ki, o adam “özümü öldürəcəm” deyirdi. Amma nə olsun? Bu sözü biz neçə-neçə adamdan eşitmişik və onların heç biri özünü öldürməyib. Yada düşür ki, “yorulmuşam, bezmişəm, dözmürəm” deyirdi. Nə olsun? Kim belə deməyib ki? Az qala hər kəsin dilindən belə sözlər çıxıb. Hər kəs də özünü öldürməyib axı. Yada düşəcək ki, o adam özünə qapılmışdı, fikirli gəzirdi, intiharlardan söz salırdı, intihar etmiş adamlardan, yaxud qəhrəmanları intihar etmiş bədii əsərlərdən danışırdı, yaxud bu barədə televiziya verilişlərinə baxırdı, mətbuatda bu mövzuda xəbərləri, internetdə buna aid materialları, videoları izləyirdi. Amma nə olsun? Axı nə olsun?! Bunu az qala hamı edir. Demək olar hər kəs ömrünün hansısa məqamında, bəzən günlərlə, bəzən aylarla, bəzən illərlə özünə qapılır. Biz kimi fikirli gəzən görməmişik ki? Yalan olmasın, bütün ömrü boyu fikirli gəzən adamlar var, bir dəfə də olsa özlərinə əl qaldırmayıblar. Bəs onda niyə hamıda gördüyümüz əlamətlər birdən bir adamda intihar kimi ortaya çıxır? Bilmirəm. Mən bilmirəm və mən bilirəm ki, bunu heç kim bilmir. İntihar barədə biz yalnız ehtimallarla danışırıq, həqiqət bizə bəlli deyil.
- İnsanın intihara meylləndiyini görəndə onu hansı formada qərarından çəkindirməyə çalışmaq lazımdır, onunla söhbət necə aparılmalıdır?
- Əlbəttə, kiminsə intihara meylləndiyindən şübhələniriksə, ona dayaq durmaq, yardım etmək gərəkdir. Biz bimirik o, özünü öldürəcək. Deməli, biz onu da bilmirik ki, özünü öldürməyəcək. Öldürə də bilər. Ona görə hər ehtimala qarşı qabaqlayıcı tədbir görülməlidir. Arxayınlaşmaq olmaz ki, sarsıntıdır, keçib gedəcək. Keçib getməyə də bilər. Yardım göstərməyin isə konkret metodu yoxdur. Düzgünü fərdi yanaşmadır. Kimini ailəsinin, yaxınlarının onun ölümüylə üzləşəcəyi faciə, kimini düşmənlərinin buna sevinəcəyi düşüncəsi, kimini hələ problemlərinin həllinə ümidin itmədiyi arqumenti, kimini Allahın özünü öldürənlərə qəzəbli olduğu barədə dini ehkam intihar yolundan çəkindirə bilər. Hər kəsə yaşı, əxlaqı, savadı, temperamenti, milli, dini mənsubiyyəti, neçə-neçə sayıb qurtara bilməyəcəyimiz fərdi keyfiyyəti nəzərə alınmaqla yanaşılmalıdır. Biri üçün məqbul metod başqası üçün məqbul olmaya bilər. Hətta elə adamlar var ki, onlara diqqət göstərməmək daha çox effekt verə bilər, nəinki diqqət göstərmək. Yəni intihara meyllənən adama yardımın göstərilməsi fikrinin özü də nisbidir. Elə adam var, ona heç bir yardım göstərməməyin özü ən böyük yardımdır. Çünki elə tiplər var ki, başqalarının onu intihar fikrindən daşındırmaq istədiyini duyanda daha da qızışa bilər. Adamların ona yazığı gəldiyini görməsi onda intihar meylini gücləndirə bilər. Belə adamlar var. Ona görə çox incə davranılmalıdır. Bütün bunlar isə metodologiyaya sığası məsələlər deyil. Metodologiya nisbi və ümumi xarakterli ola bilər. Reallıqda isə fərdi yanaşma olmalıdır və metodologiyadan daha çox şəxsi təcrübəyə, intuisiyaya söykənən fəndlər işlədilməlidir.
- Olubmu ətrafınızda kimisə intihar fikrindən daşındırmısınız?
- İntihar fikrinin insanı hökmən intihara apardığına inansaydım, bu suala “hə” cavabı verərdim. Ancaq məndə belə bir inam yoxdur. Deyə bilmərəm ki, insan intihar etmək fikrinə düşübsə, deməli, özünü öldürəcək. Ona görə bir adamı fikrindən daşındırmağa çalışmışıqsa, bu, hələ o demək deyil ki, biz onu ölümdən qurtarmışıq, özünü öldürəcəkdi, biz qoymamışıq. Bəlkə bizsiz də heç nə olası deyildi. Biz bilmirik insan niyə özünü öldürür. Və biz bilmirik necə olur ki, adam intihar etmək fikrindən daşınır. Bizə elə gələ bilər ki, o, bizim sözümüzlə, bizim təsirimizlə bu yoldan qayıdıb. Amma bəlkə bizli-bizsiz, onsuz da özünü öldürəsi deyildi. Ona görə intihar fikrindən daşınmış adama təsirimiz barədə böyük iddialara düşə bilmərik.
- Heç özünüz həyatınızın hansısa dönəmində intihar barədə düşünmüsünüz?
- Özümdən danışmağı xoşlamıram. Ümumən onu deyə bilərəm ki, hər kəs az-çox bu fikrə düşə bilər və düşür də. Heyvanlar arasında da intihar olur. Deməli, bütövlükdə canlı orqanizmdə özünü qorumaq, yaşamaq meyli ilə bərabər özünü məhv etmək, ölümə can atmaq meyli də var. Bunu görkəmli alimlər, o cümlədən filosoflar, psixoloqlar çox deyiblər. Bu haqda iri əsərlər, dünya şöhrəti qazanmış araşdırmalar var. Bioloji varlıqda özünü qoruma ilə yanaşı özünü məhv etmə instiktinin də olması, təkcə insanların deyil, başqa varlıqların da özünü öldürməsi bir daha intiharın necə dərin sirr olduğunu, onu dərk etməyin necə çətin olduğunu yadımıza salır. Bu bir daha ondan xəbər verir ki, intiharın nədən doğduğunu, nədən qaynaqlandığını, onun kökünün harada olduğunu bilmək çox çətindir, daha doğrusu, heç mümkün deyil.
- Cəmiyyətdə psixoloq institutunun olmaması da ciddi suallardan biridir. Siz özünüz ixtisasca psixoloqsunuz, amma praktik olaraq bu sahə ilə məşğul olmamısınız. Bizdə ixtisaslı psixoloqların az olduğu iddiaları barədə fikirləriniz necədir?
- Bunu iddia yox, həqiqət sayıram. Psixologiya elmi 20-ci əsrdə vüsət alıb. Həmin əsrin böyük bir hissəsini isə biz sovet işğalı altında yaşamışıq. Sovet rejimi psixologiya elminə ögey münasibət bəsləyirdi. Keçmiş sovet məkanında, o cümlədən Azərbaycanda bu elm sahəsinin geridə qalmasının bir səbəbi də budur. Şükür Allaha, müstəqil dövlətimizi bərpa etmişik və keçmişdən bizə miras qalmış pis ənənələrdən biri kimi elmin sıxışdırılmasını də aradan qaldırmalı, səviyyəli, sanballı psixoloqlar yetişdirməliyik. Bu, çox vacibdir.
Nərgiz Ehlamqızı