9 İyul 2014 14:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) müvafiq əmrinə əsasən, nazirlikdə ayda bir dəfədən az olmayaraq “Məlumat mübadiləsi saatı”nın keçirilməsinə başlanıb.

Teleqraf.com-un xəbərinə görə, iyulun 9-da “Məlumat mübadiləsi saatı”nın ilk iclası keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq deyib ki, qazanılmış yeni bilik və təcrübələr, həyata keçirilən tədbirlər, fəaliyyət sahəsində yeniliklər barədə struktur bölmələrinin rəhbər vəzifəli şəxsləri və əməkdaşları arasında mütəmadi olaraq qarşılıqlı və operativ məlumat mübadilələrinin aparılmasına ehtiyac var: “Bu, nəticə etibarilə nazirlik sistemində ümumi məlumatlılıq səviyyəsinin yüksəlməsinə, görülən işlərdə vahid və əlaqəli yanaşma prinsipinin güclənməsinə yönəlib”.


Səlim Müslümov bu məqsədlə ƏƏSMN-nin Aparatının bölmələrinin, strukturuna daxil olan qurumların, zəruri hallarda nazirliyin strukturuna daxil olmayan, tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri və işçiləri üçün ayda bir dəfədən az olmayaraq “Məlumat mübadiləsi saatı”nın keçiriləcəyini diqqətə çatdırıb: “Hər belə iclasda nazirliyin bu və ya digər fəaliyyət sahəsi üzrə yeni bilik və informasiyaların mübadiləsi aparılacaq, həmçinin yeni işlərə dair təqdimatlar olacaq. Keçirilən iclaslar protokollaşdırılacaq və hər iclasın yekun materialları nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək”.

Daha sonra “Məlumat mübadiləsi saatı”nın ilk iclasında ƏƏSMN-nin beynəlxalq əməkdaşlığına dair təqdimat olub.

İclas zamanı cari ilin may-iyun aylarında beynəlxalq tədbirlərdə iştirak məqsədilə ayrı-ayrı ölkələrə edilmiş səfərlərin, habelə xaricə təcrübə və təlim səfərlərinin nəticələri barədə məlumatlar verilib. İclas nazirliyin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti, bu sahədə qarşıda duran vəzifələrlə bağlı fikir mübadilələri şəraitində davam edib.

Naibə


Müəllif:
Загрузка...