3 Yanvar 13:33
2 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan hərbi qüvvələri Əfqanıstanla sərhəddə yerləşən Xost əyalətinin Əli Şer rayonuna raket zərbəsi endirib. Əfqan qüvvələrinin cavabı ilə başlayan qarşıdurma səhər saatlarınadək davam edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "TOLO News" telekanalı məlumat yayıb.

Münaqişə səbəbindən bir çox ailə evlərini tərk etməli olsa da, ölən və yaralananlarla bağlı təfərrüatlar paylaşılmayıb.

Hələ ötən ilin dekabrın 24-də Pakistan döyüş təyyarələri Əfqanıstanın Pktika əyalətinin iki ölkə sərhədinə yaxın olan bəzi bölgələrinə hava zərbələri endirib. Əfqanıstan hökuməti bu hücumlarda mülki şəxslərin hədəf alındığını və əksəriyyəti uşaq və qadın olmaqla, ən azı 46 nəfərin həyatını itirdiyini açıqlayıb. Bu hücumlara cavab olaraq Əfqanıstan qüvvələri dekabrın 28-də Pakistan ərazisini hədəfə alıb və 19 pakistanlı əsgəri öldürdüklərini açıqlayıblar.

Qeyd edək ki, Pakistanın Əfqanıstanla həmsərhəd olan Hayber-Paxtunxva və Bəlucistan kimi əyalətlərində son illərdə terror aktlarının sayı əhəmiyyətli dərəcədə artıb. Hər iki əyalətdə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücum edir.

İslamabad əsasən, Hayber Paxtunxva əyalətində hücumlar həyata keçirən silahlıların Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia etsə də, qarşı tərəf bu iddiaları rədd edir.

Pakistan ordusu daha əvvəl Əfqanıstanın Xost, Paktiya və Kunar əyalətlərinə hücumlar təşkil edərək, silahlıların bazalarını hədəf aldıqlarını və bu hücumların iki ölkə administrasiyası arasında gərginliyə səbəb olduğunu bildirmişdi.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər