“Mərkəzin kitabxanasında xeyli sayda ərəb dilində kitab, o cümlədən tarixi mənbələr var. Kitabxanamız adından on min elektron kitabı Tarix İnstitutuna təqdim etməyə hazırıq”.
Bunları Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş iclasında deyib.
İclası giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov misirli qonaqla bağlı iclas iştirakçılarına geniş məlumat verib: “Əhməd bəy Azərbaycan üçün mühüm işlər görən bir insandır. O, Azərbaycan dilindən ərəb dilinə bir sıra əsərləri tərcümə edib. O, eyni zamanda Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dili müəllimidir”.
Y.Mahmudov bildirib ki, Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin ərəb dilində zəngin kitabxanası var: “Əhməd bəy bizə nəinki bu zəngin kitabxanadan istifadəyə, həm də Misirdə olan tariximizlə bağlı mənbələrin tədqiqata cəlb edilməsinə dair öz köməyini təklif edir. Bu təklifi dəyərləndirmək lazımdır”.
İclasda bildirilib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində həm də ərəb dili kursları keçirilir. Əhməd Sami Elaydi isə Tarix İnstitutunun əməkdaşlarını bu kurslarda iştiraka dəvət edib və qeyd edib ki, kursu bitirənlərə sertifikatlar veriləcək.
Elmi Şuranın iclasında qərara alınıb ki, Tarix İnstitutunun Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın dövlətçilik tarixi, o cümlədən Azərbaycanın Qarabağ, İrəvan və digər bölgələrinin tarixi ilə bağlı kitabların tərcümə edilərək ərəb ölkələrində təqdimatı və təbliği təşkil ediləcək.
Misirli alim Ulu öndər Heydər Əliyevin “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözlərini xatırladaraq Azərbaycanı sevdiyini və Azərbaycançı olduğunu bildirib. O, qeyd edib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir və bu mərkəz Bakıda 1999-cu ildən fəaliyyət göstərir.
Görüş zamanı qərara alınıb ki, Tarix İnstitutunun əməkdaşları üçün pulsuz ərəb dili kursları təşkil ediləcək, “İslam Həmrəyliyi İli” çərçivəsində institut ilə mərkəzin birgə tədbirləri olacaq.
Misirli qonaq bildirib ki, hədəfimiz birdir: “Azərbaycan və Misir arasındakı əlaqələrin dərin tarixi kökləri var. Mən özümü Azərbaycanda bir misirli kimi qürbətdə hiss etmirəm”.
Y.Mahmudov Elmi Şuranın üzvlərinə özbək tarixçisi Şuxrat Salamovun (Barlas) son durumu ilə bağlı məlumat verərək qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, daşnakların Türküstanda törətdiyi qətliamlar barədə kitablar yazan Ş.Salamov haqqında ermənilərin irəli sürdüyü ittihamlara məhkəmədə baxılıb və qaldırılan iddialar əsassız sayılıb. İnstitut direktoru bu işdə Azərbaycan ziyalılarının, o cümlədən Tarix İnstitutunun Elmi Şurasının bəyanatının mühüm rol oynadığını xatırladaraq tarixçi-alimləri təbrik edib.
Yaqub Mahmudov misirli qonağa “Azərbaycan: qısa dövlətçilik tarixi”, “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Azərbaycan xalçaları: İrəvan qrupu” kitablarını və İrəvan xanlığının tarixi ilə bağlı 4 adda broşürü təqdim edib.
İclasın sonunda institut direktoru qeyd edib ki, Müsəlman İntibah Dövrünün yaranıb inkişaf etməsinə Azərbaycan alimləri öz töhfəsini vermişdir: “Türk xalqları arasında islamı ilk qəbul edib onun yayılmasında rol oynayan Azərbaycan xalqı olmuşdur. Azərbaycanda qədim dövrlərdən Tanrıçılıq təkallahlı dini əsas yer tutduğuna görə islamın qəbul edilib yayılması daha sürətli baş verib. Təsadüfi deyil ki, indi də Azərbaycanda Tanrı və Allah ifadələri paralel olaraq istifadə edilir”.