24 Fevral 2017 12:55
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar layihəsi müzakirə edilir.

Teleqraf.com-un xəbərinə görə, qərar layihəsində deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilsin.

Qərarla Milli Məclis deputatlarına bir vəzifə olaraq tapşırılacaq ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatıların tədbirlərində iştirak edərkən, son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları sıyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.

Hüquq mühafizə orqanlarına tövsiyə olunur ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsin. Layihədə deyilir ki, müvafiq dövlət və qeyri-hökumət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.

“Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilsin ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar", - deyə qərar layihəsində qeyd olunub.

Qeyd edək ki, hazırda Milli Məclisdə sözügedən qərar layihəsinə dair müzakirələr davam edir, deputatlar layihə ilə bağlı fikir və təkliflərini açıqlayır.

Cavad


Müəllif:

Oxşar xəbərlər