Meksika Birləşmiş Ştatlarının Senatının ən tarixi və möhtəşəm “Antigua Sede Del Senado” binasında “Beynəlxalq Novruz Bayramı Günü” təntənəli şəkildə qeyd olunub. Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, Gürcüstan, İraq, İran, Pakistan və Türkiyə səfirliklərinin dəstəyi ilə keçirilib.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Senatın Xarici Əlaqələr Komitəsinin sədri Qabriela Kuevas Barron tədbirdə iştirak edən çoxsaylı qonaqları salamlayaraq Meksika tarixində xüsusi yer tutan məkan olan bu binada baharın gəlişi və torpağın oyanmasından xəbər verən, dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edilən Novruz bayramının məhz burada qeyd edilməsinin təsadüf olmadığını deyib.
Meksika senatoru Novruz bayramının minilliklərlə ölçülən qədim tarixə malik olduğunu, onun YUNESKO tərəfindən dünya qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini, BMT Baş Assambleyasının qərarı ilə beynəlxalq səviyyədə qeyd olunduğunu bildirib. O, həmçinin Meksikanın daha çox ölkələrlə dialoq və əməkdaşlığa hazır olduğunu bildirərək tədbirdə iştirak edən ölkələrlə dostluq əlaqələrinin daha da inkişaf etməsinə ümidini ifadə edib.
Tədbirdə ölkəmizi təmsil edən Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək Novruz bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini bildirib. Diplomat bu bayramın qonaqpərvərlik, qarşılıqlı hörmət, rəğbət, səmimiyyət, dostluq, mərhəmət və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini qeyd edərək Azərbaycanın müxtəlif mədəniyyət təmsilçilərinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşaması ilə tanındığını vurğulayıb. O, hazırda Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq edilməsinə böyük töhfə verdiyini qeyd edərək, buna Azərbaycan rəhbərliyinin bilavasitə diqqət və qayğısının olduğunu xüsusi ilə qeyd edib. Azərbaycan təmsilçisi bu ilin may ayında Bakıda 4-cü Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. M.Talıbov eyni zamanda, qonaqları Novruz bayramı ilə bağlı Azərbaycanda mövcud olan adət və ənənələrlə tanış edib.
Tədbirdə Gürcüstan, İran və Pakistanın səfirləri, İraq və Türkiyənin müvəqqəti işlər vəkilləri çıxış edib. Sonra tədbirdə iştirak edən səfirliklər adından Meksika Senatına hədiyyə edilən, sülh rəmzi olan zeytun ağacının əkilmə mərasimi keçirilib.
Tədbir zamanı ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanıb, tədbirin çoxsaylı qonaqları Novruz bayramı ilə bağlı ölkəmizin ənənələri ilə tanış edilib, onlara ənənəvi Novruz süfrəsinin şirniyyatları təqdim edilib. Azərbaycan masası qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb. Eyni zamanda, Azərbaycanda Novruz şənliklərini əks etdirən video material və burada təşkil olunmuş kiçik sərgidə ölkəmizin tarixi abidə və memarlığı ilə bağlı şəkillər nümayiş etdirilib.
Qeyd edək ki, bir gün öncə Azərbaycanın Meksikadakı səfirliyində keçirilmiş Novruz bayramı ziyafətində Meksikada yaşayan həmvətənlərimiz və digər qonaqlar iştirak ediblər.