Teleqraf.com “Mülkiyyət” qəzetinə istinadən xəbər verir ki, indiyədək yüzlərlə Azərbaycan vətəndaşı Bolqarıstanda müxtəlif növ daşınmaz əmlak əldə edib. Azərbaycanlılar əsasən dənizin kənarında, 50-100 kvadratmetrlik mənzillər alırlar.
Azərbaycan vətəndaşlarının mənzil aldığı ölkələrin siyahısına Türkiyə, Gürcüstan və Avropa ölkələri də daxildir.
Türkiyə Statistika Komitəsinin açıqladığı məlumata görə, ötən il azərbaycanlılar Türkiyədə 428 ev alıb. 2015-ci ilin həmin dövründə isə bu rəqəm 512 olub. Təkcə ötən ilin avqust ayında azərbaycanlılar Türkiyədə 53 ev alıb.
Azərbaycan vətəndaşlarının xarici ölkələrdən daşınmaz əmlak almasına ekspertlərin də fikirlərini öyrəndik.
Ekspert Rəşad Əliyev azərbaycanlıların xaricdə mənzil almasını müxtəlif səbəblərlə izah edir: “Fikrimcə, alışın üç əsas məqsədi olur. Birincisi, istirahət üçün alınan evlərdir. İnsanlar xarici ölkəyə gedib öz evində dincəlmək istəyir. Belə evləri əsasən Yunanıstanda, Türkiyədə alırlar.
İkinci məqsəd alınan əmlakın sahibinə hər hansı imtiyaz verməsi ilə bağlıdır. Bəzi Avropa ölkələrində daşınmaz əmlak alan şəxs daimi yaşayış hüququna və ya vətəndaşlığa sahiblənir. Bununla Şengen zonasına birbaşa çıxış əldə edir. Üçüncü məqsəd isə investisiyadır. Avropanın müxtəlif ölkələrinə üz tutan şəxslər orada öz kapitalını yerləşdirir.
Azərbaycanlıların xaricdə daşınmaz əmlak bazarına yatırdıqları investisiyaların həcmi ilə bağlı statistika aparılmır. Bəzi ölkələrdə isə vergi orqanları vətəndaşlarından xaricdə olan əmlakları haqqında məlumat vermələrini tələb edirlər”.
Xarici ölkədə daşınmaz əmlak almaq üstün cəhət olsa da, risk ehtimalı da var. Ekspert bu risklərə də münasibət bildirib: “Müəyyən pulu, imkanı olan şəxslər düşünürlər ki, xaricdə ev alsınlar. Amma ev almazdan əvvəl həmin ölkəni yaxşı tanımalısan. Ətraflı məlumatın olmalıdır ki, alqı-satqı zamanı problem yaşanmasın. Məsələn, alğı-satqı müqavilələri və digər sənədlər əmlakın satıldığı ölkənin dilində hazırlandığına görə bütün sənədlər düzgün tərcümə olunmalıdır”.
Məsələnin hüquqi tərəfinə gəlincə, bu barədə Teleqraf.com-a vəkil Xəyal Bəşirov danışıb. Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı xaricə gedib, mənzil və villa ala bilər: “Tövsiyəmiz odur ki, hər hansı ölkədə ev almazdan öncə araşdırma aparsınlar. Bəzi ölkələr xarici vətəndaşlara torpaq satışına icazə vermir. Amma kimlərsə torpaq almaq adı ilə aldadıla bilərlər. Bunun üçün əmlak alacaqları ölkənin qanunvericiliyini bilmək gərəkdir. Onu da deyim ki, xarici ölkələrdə mənzil alan zaman yüksək məbləğdə vergi tətbiq olunur”.
Vəkilin sözlərinə görə, hər bir ölkənin qanunvericiliyində əmlak alğı-satqısı ilə bağlı qaydalar olur: “İstənilən əcnəbi Azərbaycanda əmlak alan zaman vətəndaşlarımızla bərabər hüquq və vəzifələr daşıyır. Lakin torpağın özününküləşdirilməsi ilə bağlı istisna hal mövcuddur. Azərbaycan Respublikası ərazisində xarici vətəndaşların mülkiyyətinə torpaqların verilməsi qadağandır. Yəni Torpaq Məcəlləsinə görə, xarici vətəndaşlar bizim ölkədən torpaq ala bilməzlər.
Daşınmaz əmlakla bağlı bütün hüquq və vəzifələr həmin daşınmaz əmlakın mövcud olduğu dövlətin daxili qanunları ilə tənzimlənir. Əksər dövlətlərdə torpağın satılması qadağan edilib. Çünki bir ölkənin torpağı xarici vətəndaşa verildisə, artıq həmin torpaq əcnəbiyə aid olur.
Əgər bağışlanma və ya vərəsəlik qaydasında torpaq əcnəbinin mülkiyyətinə keçibsə, həmin əcnəbi bir il ərzində həmin torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan vətəndaşının mükiyyətinə verməldir”.
İlhamə ƏBÜLFƏT