3 May 2017 15:15
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 3-də Livan Respublikasının paytaxtı Beyrutda Azərtacın sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 42-ci iclası keçirilib.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, Livanın İnformasiya Nazirliyi və NNA xəbər agentliyinin təşkilatçılığı ilə keçirilən iclasda Rusiyanın TASS, Türkiyənin Anadolu, Cənubi Koreyanın Yonhap, Çinin Sinxua, Yaponiyanın Kyodo, İranın İRNA və Mehr, Monqolustanın MONTSAME, Bəhreynin BNA və Malayziyanın Bernama agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Livanın NNA agentliyinin direktoru xanım Laura Süleyman çıxış edərək qonaqları salamlayıb və iclasda qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyini bildirib. O, iclasın sürətlə dəyişən informasiya texnologiyaları dövründə xəbər agentliklərinin qarşılaşdığı problemləri və inkişafı yollarını müzakirə etmək üçün yaxşı platforma olduğunu vurğulayıb.

OANA-nın prezidenti, Azərtac-ın baş direktoru Aslan Aslanov İcraiyyə Komitəsinin 42-ci iclasının keçirilməsi üçün göstərdiyi dəstəyə görə Livanın İnformasiya Nazirliyinə və NNA agentliyinə təşəkkürünü bildirib. Baş direktor ötən ilin noyabrında Bakıda Heydər Əliyev Fondunun və Azərtac-ın təşkilatçılığı ilə keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində və OANA-nın XVI Baş Assambleyasında xəbər agentliklərinin inkişafı ilə bağlı çox dəyərli fikirlərin səsləndiyini, məhsuldar müzakirələrin aparıldığını qeyd edərək deyib: “Baş Assambleya və V Konqresin birgə keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı, dərin məzmunlu nitqi və bir qrup media nümayəndəsi ilə görüşü tədbirlərimizin əhəmiyyətini daha da artırdı”.

Azərtac-ın sədrliyi dövründə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının inkişafı məsələlərinə toxunan OANA-nın prezidenti bildirib ki, qurumun fəaliyyətinin genişləndirilməsi, onun daha dinamik struktura çevrilməsi, veb-saytının funksionallığının artırılması üçün artıq işlərə başlanılıb, portalda bir çox yeniliklər tətbiq edilib, eyni zamanda, üzv agentliklərin bu veb-saytda fəallığı da xeyli yüksəlib. Diqqətə çatdırılıb ki, hazırda təşkilatın saytında 27 üzv agentlik öz xəbərlərini yerləşdirir. “Lakin biz bunun maksimuma çatdırılmasına çalışacağıq. Mən burada iştirak edən agentlikləri bu istiqamətdə daha fəal olmağa çağırıram”, - deyən OANA-nın prezidenti, həmçinin təşkilatın Nizamnaməsinə dəyişikliklər edilərək Texniki və Etik altkomitələr haqqında bəndlərin əlavə olunması, bu strukturlara sədrlik edən agentliklərin seçilməsi ilə bağlı təkliflərini də səsləndirib.

Livanın informasiya naziri Melhem ər-Riyaşi müasir rəqəmsal dövrdə medianın üzərinə böyük məsuliyyətin düşdüyünü, jurnalistikada etikanın və obyektivliyin hər zaman aktual olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, dünyanın hər yerindən informasiya əldə edib yayan xəbər agentlikləri insanların və xalqlar arasında mədəni əlaqələrin, dialoqun möhkəmlənməsinə indi həmişəkindən daha çox diqqət yetirməli, münaqişələrin və qarşıdurmaların aradan qaldırılması, etimadın güclənməsi işinə öz töhfəsini verməlidirlər. O, həmçinin medianı terrorizmlə bağlı məsələlərin işıqlandırılmasında diqqətli olmağa çağırıb, millətlər arasında dostluğa və əməkdaşlığa çalışmağın vacibliyini önə çəkib.

İclas işini müzakirələrlə davam etdirib.


Müəllif:

Oxşar xəbərlər