5 May 2017 14:02
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Cinayət işi üzrə MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev şahid qismində dindirilib.

Teleqraf.com Teymur Quliyevin ibtidai istintaq zamanı verdiyi ifadəsini əldə edib.

Teymur Quliyev istintaqa bildirib ki, 18 aprel 2015-ci il tarixində Məmməd Abbasbəylinin telefonlarına qulaq asılması tapşırılıb. Bunun təşəbbüskarı Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev olub:

“Tapşırığı mərkəzin rəisi Elçin Quliyev də təsdiqləyib. Daha sonra sabiq nazir tədbiri Monitorinq Mərkəzinin həyat keçirməsinə icazə verib. Tapşırığın icrası müvafiq qaydada həyata keçirilib, əldə olunmuş məlumatlar tapşırıqda qeyd edildiyi kimi İlqar Əliyevə göndərilib. Məmməd Abbasbəylini tanımamışam, həmin şəxslə hər hansı münasibətdə olmamışam”.

Daha sonra general ifadəsində qeyd edib ki, Bakı şəhər sakini Allahverdi Dəmirovun telefonuna qulaq asılması tapşırığı üzrə təşəbbüskar Antiterror Mərkəzinin əməkdaşı İlkin Soltanov olub.

Teymur Quliyevin sözlərinə görə, 2014-2015-ci illərdə MTN-in Monitorinq Mərkəzinin icra etdiyi ümumilikdə 36 tapşırıq vərəqi ilə tanış olub.

Teymur Quliyev bildirib ki, qeyd edilən tapşırıqlarda adları çəkilən Zakir Bədəlov, Elnur Orucov, Sahib Qurbanov, Zaur Əzimovu ümumiyyətlə tanımayıb: “Onlarla münasibətim olmayıb, hansı formada görüşməmişəm. Tapşırıqda adı qeyd edilən Tağı Əhmədovu Bakı Metropoliteninin rəisi olaraq mətbuatdan tanımışam. Onunla şəxsi münasibətim və görüşü olmayıb. Həmin tapşırıqların icrası Monitorinq Mərkəzi tərəfindən strukturun əsasnaməsi və təlimatlarına uyğun iş təşkil edilib”.

Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər