Teleqraf.com xəbər verir ki, Milli Məclisin Sədri Oqtay Əsədov Latviya Seyminin spikeri xanım İnara Murniyetsei ilə görüşüb.
Latviya Seyminin spikeri İnara Murniyetse Azərbaycan nümayəndə heyətini salamlayaraq, onları milli bayramımız – Respublika Günü münasibətilə təbrik edib. Bu yaxınlarda Bakıya rəsmi səfərini xatırladan İ.Murniyetse vurğulayıb ki, Azərbaycan, xüsusən iqtisadi sahədə Latviyanın mühüm tərəfdaşıdır. Onun sözlərinə görə, Latviya ikitərəfli ticari-iqtisadi əlaqələrin daha da möhkəmlənməsində, turizm və inşaat sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.
Oqtay Əsədov isə Xocalı soyqırımı haqqında bəyanatın Latviya Seyminin 100 deputatından 53-ü tərəfindən qəbul edilməsinə görə Latviya parlamentinə təşəkkür edib.
Görüşdə parlamentlərarası əlaqələrin indiki səviyyəsi və inkişaf perspektivləri haqqında fikir mübadiləsi olub. Qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinin, dostluq qruplarının fəaliyyətini daha da gücləndirməyin vacibliyi vurğulanıb.
Oqtay Əsədov Riqaya rəsmi səfər çərçivəsində Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ilə görüşərək müzakirələr aparıb.
Spikerin rəhbərlik etdiyi parlament nümayəndə heyəti səfər çərçivəsində Latviya Milli Bədii Muzeyində də olub.