Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror Gülnarə Muxtarovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Gülnarə Muxtarova əməlindən peşman olduğunu və vicdan əzabı çəkdiyini deyib:
“Mən əməlimə görə vicdan əzabı çəkirəm. O insanlara qarşı belə hərəkət etdiyimə görə utanıram. Mən sizdən bağışlanmağımı istəyirəm. Rəhimli olan Allah da yəqin məni bağışlayar. Aldatdığım insanlar da gün gələr məni bağışlayar. Bu əməlimə görə ömür boyu əzabla yaşayacağam”.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Gülnarə Muxtarova 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin martında Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Balakişi Behbudov, Yaqub Qarayev, Kamal Qasımov və digərlərinə qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ümumilikdə 30 nəfəri aldadaraq onlardan 139 min manat aldığı müəyyən edilib.
O, həmin şəxslərə Qaradağ rayonu “Ümid” qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini deyib.
Gülnarə Muxtarova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda Dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri vəzifəsində çalışıb.