Teleqraf.com-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının kordinatoru Vasif Akifli bildirib ki, uşaqları küçəyə atan nənə onların yanına çanta da qoyub: “İçərisində uşaqları sənədləri, valideyinlərinin rəsmi boşanma şəhadətnaməsi, analarının getdiyi güman edilən kişi ilə şəkli və çörək olub. Uşaqlar Nəsimi rayon polis şöbəsinin əməkdaşları tərəfindən sığınacağa gətirilib”.
Vasif Akifli bildirib ki, onlar Ağsu rayonunda qeydiyyatdadırlar: “Ağsu rayon polis şöbəsinə müvafiq məlumat verilib. Çantada olan fotodan ananın şəkilini kəsib, polis şöbəsinə axtarış üçün təqdim etmişik. Atanı da axtardıq ki, bəlkə məlumatı yoxdur, ola bilər, uşaqlara sahib çıxar. Məlum oldu ki, uşaqların atılmasından o da xəbərdardır, hazırda Rusiyadadır.
2015-ci il sentyabrından ataya 3 uşağa görə aylıq 90 manat məbləğində aliment kəsilisə də, onu ödəmədiyi üçün bu il aprelin 5-dən Ağsu rayon polis şöbəsi tərəfindən “borclu” şəxs kimi axtarışa verilib”.
Ekspert qeyd edib ki, uşaqların valideyinləri rəsmi şəkildə 2015-ci ildə boşanıb: “Ancaq ata alimenti 1 dəfə də ödəməyib. Qadının axtarışları davam etdirilir. Söhbət 3 uşağın taleyindən gedir. Sığınacağın rəhbəri Kəmalə Ağazadə Ağsu Rayon İcra Hakimiyyəti ilə Ağsu rayon polis şöbəsini köməyi ilə məsələnin həll olunması üçün əlindən gələni edir”.
Qeyd edək ki, iyulun 1-də 3 uşaq nənələri tərəfindən yol kənarında baxımsız və kimsəsiz şəkildə atılıb. Uşaqlar Bakı şəhəri,Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib, onların hüquqi və psixoloji reabilitasiyası rəsmi aktla mərkəzə həvalə edilib.