8 İyul 2017 09:19
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ABŞ-la əlaqələrin qarşılıqlı hörmət və strateji tərəfdaşlıq ruhunda davam etməsinə tərəfdardır.

Teleqraf.com-un məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bu gün ABŞ-ın Müstəqillik Günü ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.
"Hazırda ölkəmizdə 200 ABŞ şirkəti fəaliyyət göstərir. Birləşmiş Ştatlar Azərbaycanın həyata keçirdiyi transmilli layihələrə hər zaman güclü dəstəyini ifadə edib və bu mövqe heç zaman dəyişməyib", - deyə nazir bildirib.

S.Şərifov qeyd edib ki, beynəlxalq təhlükəsizlik və terrora qarşı mübarizədə də ölkələrimiz arasında güclü ikitərəfli əlaqələr mövcuddur: "Xüsusilə Azərbaycan Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirak edib və terrora qarşı mübarizədə öz töhfəsini verməyə davam edəcək. Terrora qarşı mübarizə aparan Azərbaycan 25 ildir ki, erməni silahlı qüvvələrinin təcavüzü ilə qarşı-qarşıyadır. Bu, regionda təhlükəsizliyi təhdid edən əsas səbəblərdən biridir. İşğala son qoyulması və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması, tarixi sərhədlərin bərpası, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması regionda təhlükəsizliyə və sosial rifaha imkan yaradardı. Ermənistanın təcavüzünün qarşısının alınmaması üç gün əvvəl Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı körpə Zəhra və nənəsi kimi günahsız insanların qətlə yetirilməsinə rəvac verir. Bütün dünya ictimaiyyəti bu qanlı cinayətə obyektiv münasibət bildirməlidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər