Biz Şıx çimərliyinin xilasetmə məntəqəsindəyik. Bu dəfə suda batmaq təhlükəsi ilə üzləşən insanları xilas edən qəhrəmanlardan - xilasedicilərdən danışacağıq.
“Buna məhəl qoymurlar...”
Müşahidə qülləsinə yaxınlaşırıq. Elsevər Həsənov deyir ki, xilasedicilər hər gün səhər saat 9-dan axşam 20:00-a kimi istirahət edən insanların təhlükəsizliyini qorumaq üçün bu qüllədə müşahidə aparırlar: “Şıx çimərliyində 18 nəfərlik dalğıc-axtarış qrupu, eləcə də 7 nəfərlik sularada xilasetmə məntəqəsinin xilasediciləri fəaliyyət göstərir.
Bakı dalğıc-axtarış qrupu yalnız Bakı və Abşeron yarımadasında olan bədbəxt hadisələrə çevik reaksiya verir. Hadisə olmadıqda dalğıc-axtarış qrupunun əməkdaşları xilasetmə məntəqəsinin əməkdaşları ilə birgə vətəndaşların təhlükəsizliyini təmin edirlər. Xilasedicilər tərəfindən sahilboyu ərazidə və qayıqlar vasitəsilə üzmə sərhədlərindən bir neçə metr dənizə doğru patrul xidməti təşkil olunur.
Əraziyə müvafiq nişanlar qoyulub, gün ərzində istirahətə gəlmiş insanlara xəbərdarlıq da edilir. Suda boğulma bir çox hallarda istirahət edənlərin məsuliyyətsizliyindən baş verir. Hava küləkli olanda Dövlət Xidmətinin xilasediciləri vətəndaşlardan dənizə girməməyi xahiş edir. Bəziləri buna məhəl qoymurlar.
Təhülkədə olan şəxslərə kömək etmək xilasedicilərin borcudur. Amma bir çoxları qeyri-çimərlik ərazilərinə gedir və boğulma təhlükəsi ilə üzləşir”.
41 çimərlik, 25 ildən artıq işləyən xilasedicilər...
Qurumun nəzarətində 41 çimərlik var. Onların arasında dövlət çimərlikləri ilə yanaşı, özəl çimərliklər də var.
Şöbə müdiri deyir ki, xilasedicinin suda batan şəxsə ilkin yardım qaydalarını bilməsi vacibdir: “Qaydaları bilməmək təhlükədə olan şəxsi xilas edənin də həyatına son qoya bilər. Batan adam hər şeydən tutmağa cəhd etdiyi üçün xilas edəni də özüylə apara bilər.
Xilasetmə qayığında ən azı 2 nəfər olur. Biri sükanda əyləşir, digəri batanı xilas edir. Xilasedicilər boğulan şəxsi dənizdən çıxartdıqdan sonra ona ilk yardım göstərilir. Süni nəfəs verilir, ürəyi masaj olunur. Bu yardımı etmək xilasedicinin borcudur.
Suda boğulana 6 dəqiqə ərzində ilkin yardım edilsə, onun həyatın xilas etmək olar. Bəziləri deyir ki, 6 dəqiqədən artıqdır suda qalıb, daha onu incitməyin, dünyasını dəyişib. Təcrübə göstərir ki, xilasedicilər belələrini də həyata qaytarıblar. Belə insanların sevinci, qışqırıq səsini izah etmək mümkün deyil.
Ərazidə təcili tibbi yardım briqadaları da növbə çəkir. Həkiməqədər yardımdan sonra xilas olunmuş şəxs təcili tibbi yardımın əməkdaşlarına təhvil verilir”.
Qeyd edək ki, xidmətdə 25 ildən çox çalışan stajlı xilasediclər var.
Həmsöhbətimizin sözlərinə görə, küləkli havada topun arxasınca suya qaçan, sərxoş vəziyyətdə çimən insanların hərəkətindən bilinir ki, onun batmaq təhlükəsi realdır: “Təcrübə xilasediciyə imkan verir ki, kimin çimərliyə yad olduğunu hiss etsin.
Bir dəfə çimərliyə bir dəstə adam gəlmişdi. Xilasedicilərimiz rabitə vasitəsi ilə biri-birilərinə məlumat verdi ki, onlara diqqət eləmək lazımdır. Bir müddət sonra həqiqətən həmin insanlar boğulma təhlükəsi ilə üzləşdi...”
Xatırladaq ki, çimərlikdə təhlükəsizlik qaydaları Nazirlər Kabinеtinin su оbyеktlərində istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamənin təsdiq еdilməsi barədə 22 oktyabr 1998-ci il tarixli qərarına əsasən tənzimlənir.
“Qızı xilas edəndə kəmər qırıldı”
Sahilboyu istirahət edən insanların təhlükəsizliyi keşiyində dayanmış xilasedicilərin yanına yollandıq. 10 ilə yaxındır xilasedici işləyən Elvin Mirzəyev deyir ki, suda boğulma təhlükəsi ilə üzləşən insanın üz ifadəsini yaddan çıxarmaq olmur: “Xilasedicinin ürəyində olan mərhəmət duyğusu ona təkan verir. Batanın baxışlarındakı yalvarışı görəndə adam daha cürətli olur. Həmin vaxt insanı xilas edəndə ayrıca qürur hissi keçirirsən”.
Xilasedici deyir ki, xilasetmə üsullarını bilməsən, batan adam səndən yapışacaq və suya çəkəcək: “Biz batan şəxsə hansı tərəfdən yaxınlaşmaq lazım olduğunu bilirik. Lazım olanda suda ona zərbə də endirilir”.
- Yəqin insanları xilas edəndə qarşılaşdığınız çətinliklər və maraqlı hadisələr də olur...
- Əlbəttə.
Elvin Mirzəyev başına gələn bir hadisədən söz açdı:
- Yanvar ayı idi. Bir gün dostumla Dənizkənarı Milli Parkda istirahət edirdik, bu zaman bir qız özünü dənizə atıb, intihara cəhd etdi. Mən qızı xilas etmək üçün dənizə atılanda dostum yaxamdan yapışıb dedi ki, su buz kimidi, dənizə düşmə, soyuqdan öləcəksən. Dedim, burda yeganə xilasedici mənəm. Tez gödəkçəmi çıxarıb suya tullandım.
Qız məndən yapışdı və yalvardı ki, məni ölüməyə qoyma. Onu sakitləşdirməyə çalışdım, dedim ki, qorxma, özüm ölsəm də, səni ölməyə qoymayacam. Gördüm, artıq ikimizin də əzələlərimiz soyuqdan qıc olub, suyun dibinə gedirik. Suya kəmər atılmasını istədim, qızı yarıyacan qaldıranda kəmər qırıldı. Yenidən suya düşüb, onu xilas etdim. Sahilə çıxardım. Həmin vaxt orada elə gur alqış oldu ki, xalq artistləri elə alqış görməyib...
Elsevər Həsənov deyir ki, Novxanı, Zuğulba, Bigəh, Mərdəkan və Pirşağı kimi çimərliklərdə suda boğulma hallarına ilə daha tez-tez rast gəlinir: “Həmin əraziyə gələnlər də çoxdu. Küləkli havada boğulma hallarının sayı artır. Bu günə olan məlumata görə, xilasetmə avadanlıqları ilə təhciz olunmuş çimərliklərdə 43 nəfər xilas olunub. Onlardan 35-i dənizdə, 7-si su anbarında, 1-i isə çayda batarkən xilas edilib. Xilas edilənlər arasında 10 nəfəri qeyri-çimərlik ərazilərdə çimənlərdir”.
“Niyə məni saçımdan tutaraq xilas etmisiz?”
Xilasedici Elburus Abdullayev deyir ki, xilas olunan insanlardan adətən, təşəkkür alsalar da əsəbləşənləri də olur: “Bir dəfə içkili bir xanım axşam saatlarında batırdı. Suda təkcə saçları görülünürdü, xilasedicilər də qadının saçlarından yapışmalı oldular. Xanım özünə gələndə əsəbiləşdi ki, niyə saçımından tutaraq məni xilas etmisiz? Bu cür hallar da olur...”
Şöbə müdiri çimərliklərdə istirahətə gələn insanların skuterlərdən istifadəsi zamanı ən böyük qayda pozuntusunun xilasedici jilet geyilməmisini göstərir: “Skuterlə təhlükəli manevr edənlər skuter çevrildikdə özləri də dənizə düşürlər. Əyinlərində xilasedici jilet olmadığından həyatlarını itirmək təhlükəsi ilə üzləşirlər.
Skuterin işə salma açarı xilasedici jiletə və ya bilək nahiyəsinə bərkidilməlidir. Çünki həmin nəqliyyat vasitəsini idarə edən suya yıxılanda nəqliyyatın da hərəkəti dayanmalıdırn. Əks halda skuter idarəetmədən çıxaraq yanacağı qurtaranadək suda dövrə vurur. Bu zaman çimərlikdə kimisə zədələyə bilər”.
“Batan” xanım nişanlısına qoşulub qaçıbmış
Xilasedici Elvin Mirzəyev deyir ki, bir neçə il bundan əvvəl “Qızıl qum” çimərliyində bir xanımın axşam saatlarında suda boğulması ilə bağlı məlumat daxil olub: “Bakı dalğıc-axtarış qrupu dərhal hadisənin baş verdiyi ehtimal olunan əraziyə göndərildi. Gecədən gündüzün qızmar saatlarına qədər xanımı axtardıq.
Bir hadisə baş verəndə insanların yaxınları məlumat alır, axtarışın gedişatı ilə maraqlanırlar. Bu dəfə kimsə gəlib, hadisə ilə maraqlanmadı. Səhəri günün ikinci yarısı hüquq-mühafizə orqanlarından məlumat gəldi ki, həmin xanım suya girib, üzərək növbəti istirahət mərkəzində quru hissəyə çıxıb. Oradan nişanlısına qoşulub qaçıb”.
Elsevər Həsənov sularda xilasetmə üzrə xanım xilasedicilərdən də danışdı: “Hazırda bizim xilasedici xanım əməkdaşımız yoxdur. 10 ilə yaxındır bu xidmətdə çalışıram. Hələ ki sularda xilasedici olmaq arzusu ilə heç bir qadın bizə müraciət etməyib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici xanımları var. Bizim xidmətdə yoxdur”.
İnsanları ölüm təhlükəsindən qurtaran xilasedicilərə bu qürurlu işdə uğurlar arzulayıb redaksiyamıza qayıtdıq.