Feysbuk sosial şəbəkəsi “Safeti Çek” funksiyasını (təhlükə zonasında olan istifadəçilər bu funksiya vasitəsilə öz dostlarını xəbərdar edə bilərlər ) daima işləyən ayrıca bölmə şəklinə salıb. Bu haqda “Disaster Response” səhifəsi məlumat verib.
Teleqraf.com "İctnyus"a istinadən xəbər verir ki, indi bütün dünyada təhlükəli vəziyyətlər haqda məlumatlar yeni bölmədə toplanır. Şirkətin planına görə, evdən uzaqda olan və çətin vəziyyətə düşən istifadəçilər kömək axtara, yaxud başqa insanlara kömək edə biləcəklər.
Şirkət rəsmiləri bildiriblər ki, yeni bölmə yaxın həftələrdə Feysbukun veb versiyası və sosial şəbəkənin mobil proqramının bütün istifadəçilərinə əlçatan olacaq.
Qeyd etmək lazımdır ki, “Safeti Çek” xəbərdarlıqlar sistemi bir neçə dəfə yanlış işləyib. Bu il mayın sonunda Moskvada qasırğa zamanı sosial şəbəkə təbii fəlakətdən yalnız bir gün sonra “Safeti Çek” funksiyasını aktivləşdirib.