14 Sentyabr 2017 15:25
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni dərs ilinin başlanması ilə əlaqədar sabah yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Vaqif Əsədov bildirib ki, paytaxtın bütün məktəblərinin ətrafı yol polisi tərəfindən nəzarətə götürülüb: “Məqsəd dərs ilinin başladığı gün yollarda sıxlığın yaranmaması, hərəkət axınını normal qaydada təşkili və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir. Son illərin təcrübəsi göstərir ki, bəzən valideynlər övladlarını məktəbə gətirərkən avtomobili məktəbin qarşısında saxlamağa çalışır.

Bir neçə belə valideynin səhvi ucbatından saatlarla tıxac yaranır. Xüsusilə, bəzi valideynlər övladlarını birinci sinifə gətirərkən, onların avtomobilini bir neçə qohum-əqrabanın avtomobili də müşayət edir və əksər halda dayanma-durma qaydalarını pozurlar”.

Bölmə rəisi sürücülərə müraciət edərək məktəblər ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün avtomobil sahiblərini qanunun tələblərinə əməl etməyə çağırıb:

“Avtomobillərin yolun ikinci hərəkət hissəsində saxlanmaması, dayanma-durma tələblərinin pozulmaması, ümumiyyətlə parklanmaya düzgün əməl edilməsi vacib şərtdir. Hər bir sürücüdən qaydalara əməl etməlidir. Hər bir sürücü nizam-intizamlı olmalı, “Yol hərəkəti haqqında” qanunun tələblərinə əməl etməli, ərazidə polis əməkdaşının xidmət aparıb aparmamasından asılı olmayaraq, dayanma və durma tələblərini düzgün yerinə yetirməlidir”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər