Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer və bir sıra xristian yevangelik dini liderləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Bakıda dövlət başçısı ilə görüşlərini məmnunluqla xatırlayan ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer ölkəmiz haqqında həmişə zəngin təəssüratlarının olduğunu deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev dinlərarası dialoq və əməkdaşlığa həmişə sadiq olub. Ravvin Mark Şnayer Amerikanın yəhudi icmasının rəhbəri kimi Azərbaycan Prezidentinin ölkəmizdə yəhudi icmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. O, eyni zamanda, ABŞ yəhudi icması adından Azərbaycan-İsrail əməkdaşlığının inkişafından məmnunluğunu ifadə etdi.
“İqls Vinqs” təşkilatı ilə əlaqələrə toxunan ravvin Mark Şnayer qeyd etdi ki, bu görüşdə təmsil olunan nümayəndə heyətinin üzvləri Amerika yevangelist icmasının nüfuzlu şəxsləridir. O dedi ki, ABŞ-da yevangelist icmasının 100 milyondan artıq nümayəndəsi yaşayır və onların Amerika yəhudiləri və digər icmalarla yaxşı əlaqələri var. ABŞ Etnik Anlaşma Fondunun sədri bildirdi ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dinlərarası dialoq və tolerantlıq sahələrində həyata keçirilən işlər başqa ölkələrə nümunə ola bilər.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycanda ravvin Mark Şnayerlə keçirdiyi görüşlərə toxunaraq, həmin görüşlər zamanı faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, bununla yanaşı, ölkəmiz haqqında daha geniş məlumatın yayılması vacibdir. Prezident İlham Əliyev bu baxımdan bu cür görüşlərin və keçirilən tədbirlərin önəmini vurğuladı. Azərbaycanda sabitliyin tam bərqərar olduğunu qeyd edən Prezident İlham Əliyev dedi ki, bunun əsas səbəblərindən biri də müxtəlif dini və etnik qrupların nümayəndələrinin ölkəmizdə sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasıdır.
Görüşdə çıxış edən Amerikanın “İqls Vinqs” yevangelist təşkilatının pastoru Ceyms Ruddi dedi: “Sıx iş qrafikinə baxmayaraq, bizimlə görüşə vaxt ayırdığınıza görə minnətdarlığımızı bildiririk. Bu görüş bizim üçün böyük əhəmiyyət daşıyır. Təşkilatımız təkcə ABŞ-da deyil, bütün dünyada böyük bir şəbəkəyə və nüfuza malikdir. Bizim 175 ölkədə nümayəndələrimiz var. Biz bu gün Sizinlə görüşməkdən dərin məmnunluq hissi keçiririk və ölkənizlə əməkdaşlığın genişlənməsində çox maraqlıyıq”.
Pastor Ceyms Ruddinin söylədiyi sözlərdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, bu görüş əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verəcək. Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə toxunan Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, təhlükəsizlik, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini dedi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində də ABŞ ilə əməkdaşlığı çox yaxşı səviyyədədir və ölkəmiz Əfqanıstandakı sülhməramlı əməliyyatların nəqliyyat və logistika sahəsinə böyük töhfə verir.
Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycan dünyada multikulturalizm, dini azadlıq və dinlərarası əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyev bu baxımdan Azərbaycan haqqında həqiqətlərin dolğun şəkildə yayılmasının önəminə toxundu. Bu gün Azərbaycanın siyasi, iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar əldə etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, ötən il ölkəmizdə “Multikulturalizm İli” ilinin elan olunması dövlətimizin və xalqımızın mədəni, mənəvi və dini dəyərlərə sadiqliyinin təzahürüdür. Eyni zamanda, bu il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunması İslam ölkələri arasında əməkdaşlığa və ümumilikdə İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi işinə Azərbaycanın dəyərli töhfəsidir. Bundan başqa, Bakının iki il ərzində həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın xristian dünyası ilə İslam dünyası arasında əməkdaşlıq işinə verdiyi böyük dəstəkdir.
Söhbət zamanı Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat verdi, ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirdiyi işlərdən danışdı.