19 Noyabr 2017 14:19
9 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

18.11.2017. 10:13

I Yazı

İstanbula gəldiyim gündən etibarən Azərbaycan mühacirət irsi ilə bağlı tədqiqatlarımın bir hissəsini məzarlıqlar təşkil edir. Azərbaycan mühacirləri, əsasən, İstanbul və Ankarada fəaliyyət göstərdikləri üçün onların son mənzili də bu şəhərlər olub. Amma təəssüf ki, bəzi mühacirlərin məzarları ailələri və həmyerliləri tərəfindən ziyarət edilsə də, kimsəsiz, yaddan çıxan, unudulan məzarlar daha çoxdur. Bu məzarlar isə aradan ötən illər ərzində baxımsız hala düşüb, ciddi bərpaya ehtiyac yaranıb.

Ötən il Miryaqub Mirmehdiyevin dağılmış başdaşını torpağın altından çıxararkən bu barədə yazı yazmış, video da çəkərək bu halın ən qısa zamanda aradan qaldırılmasının vacibliyini söyləmişdim. Sevindirici hal oldu ki, Azərbaycanda yaşayan bir xeyriyyəçi, dostlarımızın vasitəsilə səsimizə səs verdi və həmin məzar bərpa olundu. Azərbaycan Cümhuriyyətini Avropada tanıtmağa gedən bir insanın məzarı bu şəkildə olmamalıydı...

Amma təkcə bununla da iş bitmirdi. İstanbuldakı Feriköy İslam Məzarlığında təmirə ehtiyacı olan çoxlu məzar vardı. Biz onlar barədə də davamlı şəkildə sosial şəbəkədə, mətbuatda yazdıq, gəncləri ziyarətə apardıq, televiziyada çəkilişə nail olduq.

Çox sevindik ki, səsimizi eşitdirə bildik və bununla bağlı bizə nəinki ciddi dəstək verildi, bu iş kompleks şəkildə öz həllini tapdı.

***

Bu ayın əvvəlində Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyevin dəvəti ilə jurnalist həmkarımız Vüsalə Abbasova ilə birlikdə konsulluğa çağırıldıq. Məsim bəy İstanbulda Azərbaycanla bağlı məsələlərə hər zaman diqqət göstərdiyini, mədəni tədbirlərin keçirilməsi, önəmli günlərimizin xatırlanması, parkların açılması, universitetlərlə əlaqələrin möhkəmləndirilməsi ilə bağlı davamlı şəkildə gördükləri projelərdən bəhs etdi, eyni zamanda bizlərdən də təklif gəldiyi halda dəyərləndirə biləcəyini dedi.

Məsim bəy həmçinin Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamına uyğun olaraq, konsulluğun mühüm layihələr həyata keçirəcəyini və görülən tədbirlər planı içərisində mühacirlərə aid məzarların da bərpasının olduğunu söylədi.

Cənab baş konsulumuzun söylədikləri bizi hədsiz şəkildə sevindirdi, bu işlərin həyata keçirilməsində birgə fəaliyyətimizin daha effektli olacağına qərar verdik.

Beləliklə, bir ildir arzusunda olduğum layihə Məsim Hacıyevin şəxsi təşəbbüsü ilə həyata keçmiş oldu.

Məsim bəy İstanbul Məzarlıqlar Dairə başqanlığı ilə görüşərək layihə haqqında onlara məlumat verdi, bununla da fəaliyyətə başlamış olduq. Ötən şənbə isə konsulluğun əməkdaşları və məzarlıq müdirliyinin əməkdaşları ilə birgə Feriköy məzarlığına yollandıq.

Feriköy İslam Məzarlığında mənə məlum olan aşağıdakı şəxslərin məzarları var idi:

Əhməd bəy Ağaoğlu və ailəsi – Əhməd bəy Ağaoğlu - Azərbaycanlı fikir adamı, beynəlxalq konfransda iştirak edən ilk azərbaycanlı, ermənilərə və ruslara qarşı yaradılan “Difai” təşkilatının lideri, Nuru paşanın müşaviri, Azərbaycan Cümhuriyyəti parlamentinin deputatı, Türkiyədə millət vəkili, Anadolu agentliyinin qurucularından. Qızı Sürəyya Ağaoğlu – Türkiyənin ilk qadın vəkili. Qızı Tezər Ağaoğlu Taşkıran – Türkiyədə millət vəkili, lisey müdiri, məntiqlə bağlı kitabların müəllifi. Oğlu Səməd Ağaoğlu – Menderes hökuməti dönəmində nazir, ədəbiyyatşünas, yazıçı.

Məhəmmədsadıq Axundzadə Aran – Azərbaycan Cümhuriyyəti parlamentinin deputatı

Xəlil bəy Xasməhəmmədov – Azərbaycan Cümhuriyyəti Ədliyyə, yollar, daxili işlər naziri

Xosrovpaşa Sultanzadə - Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru

Nağı bəy Şeyxzamanlı – Azərbaycan Cümhuriyyətinin Əksinqilabla mübarizə təşkilatının sədri

Şəfi bəy Rüstəmbəyli – Azərbaycan Cümhuriyyəti parlamentinin deputatı

Miryaqub Mirmehdiyev – Azərbaycan Cümhuriyyətinin Parisə göndərdiyi nümayəndə heyətinin üzvü

Hüseynqulu xan Xoyski və ailəsi (xanımı Şirinbəyim xanım, qızı Valiyyə Kazımbəyli) – Fətəli xan Xoyskinin qardaşı, general

Əbdüləli bəy Əmircan və ailəsi – Azərbaycan Cümhuriyyətinin maliyyə naziri

Qulamrza Şərifzadə - Azərbaycanlı mühəndis, aktyor Abbas Mirzə Şərifzadənin qardaşı.

Biz hər ehtimala qarşı burada başqa hansı məzarların ola biləcəyi ilə bağlı əziz dostumuz, mühacirətşünas alim Ömər Özcan bəyə müraciət etdik. Onun bizə təqdim etdiyi siyahıda bir neçə başqa ad da vardı. Onlar içində bir ad bizi daha çox həyəcanlandırdı: Hacı Zeynalabdin Tağıyevin qızı Leyla Əsədullahın məzarı.

***

Baş konsulluğun və məzarlıq müdirliyinin əməkdaşları ilə birgə Feriköy İslam Məzarlığını gəzərək təmirə ehtiyacı olan məzarların siyahısını tutduq. Əməkdaşlar qeydiyyat götürdülər, qısa müddət ərzində öz müdirliklərinə, dolayısı ilə konsulluğa məlumat verəcəklərini dedilər. Onlara Ömər bəyin bizə göndərdiyi siyahını da təqdim etdik və bu məzarların da tapılmasını xahiş etdik. Mərkəzdən göndərilən xəritə əsasında axtardığımız məzarları tapa bildik.

Beləliklə, Məsim bəyin şəxsi təşəbbüsü artıq ilk mühüm nəticəni ortaya qoymuşdu. Biz var-dövlətini Bakı üçün, dönəmin ziyalıları, tələbələri üçün xərcləyən xeyriyyəçi Hacı Zeynəlabdin Tağıyevin qızının unudulmuş məzarını tapmışdıq.

Köhnə qəbir daşının üzərindəki bu yazı güclə oxunurdu: “Hacı Zeynəlabdin Tağının qızı Leyla Əsədullah. Bakı 17 yanvar 1896, İstanbul 23 fevral 1948”.

Leyla xanımın həyat yoldaşı Əli Əsədullah 1920-ci illərdə ailəsini götürərək əvvəlcə İrana, oradan isə Türkiyəyə mühacirət edib. Əli, Nadir, Gülnar adlı övladları olub. Zeynal adlı övladları İstanbulda doğulub. Daha sonra ailə Parisə köçüb. Övladlardan Gülnar Parisdə Sorbonn Universitetini bitirdikdən sonra Leyla xanım ilə İstanbula köçüb. Leyla xanım da 1948-də İstanbulda vəfat edib.

Digər bizim üçün yeni olan məzarlar ədəbiyyatşünas alim Səlim Rəfiq Rəfioğluna və ailəsinə aid idi. Səlim Rəfiq haqqında Ömər Özcan bəy tədqiqat əsəri yazıb, onunla bağlı zəngin bilgilər verib. Özcanın yazdığına görə, Səlim Rəfiq Rəfioğlunun babası Hacı Məmmədhüseyn Əlirza oğlu Rəfiyev (1846-1920) Gəncədə, eləcə də qonşu ölkələrdə adlı-sanlı tacir kimi tanınıb, sayılıb seçilən ziyalılardan olub, ədəbiyyata maraq götərib, Nizaminin məzarını bərpa etdirib, Gəncədə ilk fotoatelyenin, yeni tipli məktəbin açılmasında, həmin təhsil ocağına müəllimlərin cəlb olunmasında fəallıq göstərib. Rəfiyev həmçinin ermənilərin törətdiyi qətliamlara qarşı yaradılan “Difai”nin Gəncə təşkilatının üzvlərindən olub.

Səlim Rəfioğlunun dayısı Azərbaycan Cümhuriyyəti parlamentinin üzvü Abuzər bəy Əliəsgər bəy oğlu Rzayev (1876-1920) olub.

Səlim Rəfioğlunun atası Məşədi Əli Hacı Məmmədhüseyn oğlu Rəfiyev (1880, Gəncə – 1948, İstanbul) Türkiyəyə mühacirət edib, 1922-ci ildə İstanbulda qurulan Müsavat Partiyası Xarici Ölkələr Bürosunun üzvü olub. Səlim bəy isə 1905-ci ildə doğulub, ilk və orta təhsilini Gəncədə alıb, 1927-ci ildə Gəncə Pedaqoji Texnikumunu bitirib, sonralar gizlicə İrana, oradan Türkiyəyə gedib, 1930-cu ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinə daxil olub, 1931-ci ildə Türkiyə vətəndaşlığına qəbul edilib..

Səlim Rəfiqin Türkiyə mətbuatında və Azərbaycan mühacirlərinin çap etdiyi jurnallarda mühüm yazıları, eləcə də, Türkiyədə üç kitabı çap olunub.

Yeri gəlmişkən, Feriköy məzarlığında Səlim Rəfiqin atası Əli Rəfioğlunun da məzarını tapdıq. Əli Rəfioğlu Xoyski ailəsinin məzarlarının yaxınlığında dəfn edilib. Səlim Rəfiqin məzarının arxasında isə ailə üzvlərinin məzarı yerləşir.

Feriköy məzarlığında tapdığımız digər iki məzar isə Həsən Fəttah Başoğuz və Baba Behbuda aid idi. Bu barədə ikinci yazımızda.

Davamı:

II Yazı

Feriköy məzarlığında qarşımıza çıxan digər iki qəbir Həsən Fəttah Başoğuz və Baba Behbuda aiddir. Bu adlar Azərbaycan oxucusuna tanış gəlməsə də, onlar istər Azərbaycanda, istərsə də Türkiyədə ciddi fəaliyyət göstəriblər.

Biz Həsən Fəttah Başoğuzun məzarını tapdığımız zaman məzar daşı ailəsi tərəfindən təmir edilirdi. Köhnə baş daşı bir kənara qoyulmuş, yenisi hazırlanmışdı. Yeni başdaşında üç nəfər də ailə üzvünün adı qeyd olunmuşdu. Məzarı bərpa edən şəxsə əlaqə nömrəmizi verib ailə üzvlərinə təqdim etməsini xahiş etdik.

Həsən Fəttah Başoğuzun doğum tarixi köhnə məzar daşında 1882 yazılsa da, yeni baş daşında 1881 yazılıb. Onunla bağlı nekroloqlarda isə 1880 tarixi qeyd olunub. Köhnə baş daşında “Azərbaycanlı” sözü yazılsa da, yenisində bu ifadə, təəssüf ki, çıxarılıb.

Yeni baş daşında bu adlar qeyd olunub:

H.Fəttah Başoğuz – 1881-16.09.1961

Türkan Başoğuz – 1924 – 06.07.1970

Belkız Başoğuz – 1903 – 01.09.1993

Cenan Başoğuz – 1928 – 01.04.2016

Başoğuz haqqında mühacirət mətbuatında Nağı Şeyxzamanlının və Eldəniz Qurtulanın məqalələri var.

Nağı bəy Həsən Fəttahın gənclik illərindən etibarən vətəni və milləti üçün çalışdığını, Difai təşkilatında təmsil olunduğunu yazır: “1917-ci ildə Gəncə şəhərində Nəsib bəy Yusifbəylinin liderliyində meydana gələn Türk Ədəmi Mərkəziyyət Partiyasının qurucuları arasında o da vardı. Həsən Fəttah bəy xalqın ümumi təvəccühünü qazandığı üçün bir müddət Gəncə şəhərinin bələdiyyə rəisi seçilib..., Cümhuriyyət dönəmində Mərkəzi Bankın müdir müavini olub”.

Mühacir Eldəniz Qurtulan isə Həsən Fəttah haqqında bunları yazıb: “Şübhəsiz ki, Həsən Fəttah bəyin siyasi həyatındakı ən önəmli vəzifə məşhur Gəncə üsyanına qatılmasıdır. İstiladan sonra 1920-ci ildə Həsən bəy yurdu tərk edir, İstanbula gəlir”.

Həsən bəy İstanbulda əvvəlcə mühasib kimi işləyib, daha sonra bir bankda çalışıb, oradan da təqaüdə çıxıb.

***
Məzarını tapdığımız digər azərbaycanlı mühacir Azərbaycan Cümhuriyyəti ordusunun zabiti Baba Behbuda aiddir.

Baba bəy haqqında mühacirətlə bağlı tədqiqatlarda, demək olar ki, məlumat yoxdur. Sevindiricidir ki, gənc tədqiqatçı Orxan Cəbrayıl bu yaxınlarda Baba Behbudun Türkiyədə yaşayan ailəsi ilə əlaqə saxlaya bilib, onlardan mühüm məlumatlar öyrənib. Məlum olub ki, Baba Behbud 1897-ci ildə Şuşada doğulub, soyadları Pənahəli xanın qardaşı Behbudəli bəylə bağlıdır. Baba bəyin atası Mustafa bəy Behbudov Qarabağda sayılıb-seçilən şəxslərdən olub.

Baba Behbud Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Gəncədə yaradılan hərbi məktəbdə təhsil alıb. Hərbi xidmətə Qarabağ süvari alayında zabit olaraq başlayıb.

O.Cəbrayılın yazdığına görə, 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Baba bəyin xidmət etdiyi süvari alayı göstərdikləri xidmətə görə hərbi nazirin şəxsi təşəkkürünü alıb.

Azərbaycan Cümhuriyyətinin işğalından sonra Baba bəy bolşeviklərə qarşı başlanmış üsyanlara qatılıb, daha sonra Türkiyəyə mühacirətə gedib, burada zabit kimi fəaliyyətini davam etdirib. Bir müddət 12-ci tümənin, daha sonra isə Qarsın mühasirə hərəkatında iştirak edəcək olan 9-cu tümənin tərkibinə verilib.

Ailənin verdiyi məlumata görə, Baba bəy Türkiyənin Qurtuluş savaşında göstərdiyi igidliklərə görə Mustafa Kamal Atatürk tərəfindən “İstiqlal” ordeniylə təltif edilib. Savaşdan sonra 1925-ci ilin fevral ayında Türkiyənin Güney doğusunda başlayan Şeyx Səid üsyanının, daha sonra isə 1926-cı ildə kürd əşirətlərinin başlatdığı 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı üsyanının yatırılmasında iştirak edib.

1933-cü ildə kapitan, 1940-cı ildə mayor, 1944-cü ildə polkovnik-leytenant rütbəsi ilə təltif olunan Baba Behbud 1948-ci ildə xidmətləri nəzərə alınaraq, Türkiyə Silahlı Qüvvələrinin komandanlığı tərəfindən polkovnik rütbəsinə layiq görülərək, Ankarada süvari alayının komandiri vəzifəsinə təyin olunub. 1955-ci ildə yaş səbəbiylə təqaüdə çıxıb.

Baba bəy mühacirətdə Məhəmmədəmin Rəsulzadənin yanında yer alıb, toplantıların birində bərabər fotoşəkil də çəkdiriblər.

Beləliklə, Feriköy İslam Məzarlığında hələ ki bizə məlum olanlar bunlardır. Şübhəsiz ki, bizim hələ ki bilmədiyimiz bu məzarlıqda yatan başqa mühacirlər də vardır. Zamanla onlar haqqında da məlumatları əldə edəcəyik.

Ümumiyyətlə, İstanbuldakı digər məzarlıqlarda da mühacirlərimizə aid qəbirlər var. Qaraca Əhməd, Kartal, Fatih kimi məzarlıqlarda təmirə ehtiyacı olan məzarların olduğunu bilirik. Ümid edirik ki, zamanla bunlar da Azərbaycan Baş konsulluğunun dəstəyi ilə bərpa ediləcək.

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim bəyə bu önəmli işi həyata keçirdiyi üçün Azərbaycan vətəndaşı olaraq təşəkkür edirəm.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər