2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.
Teleqraf.com-un məlumatına görə, cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, soyuducuların, kondisionerlərin, iri alət və avadanlıqların, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların, elektrik soba və qaz plitələrinin, mobil telefonların, televizorların, fotoaparatların, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.