Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə edilən müraciətə əsasən Türkiyənin “Universe Pharma İlac” şirkətinin istehsalı olduğu göstərilən “OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun saxta olub-olmaması Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən araşdırılıb.
Teleqraf.com-un məlumatına görə, araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən mənşəyi məlum olmayan məhsul saxtadır.
Belə ki, Türkiyənin “Universe Pharma İlac” şirkətinin məhsulun qablaşması üzərində göstərilən ünvanda heç bir istehsalat sahəsi mövcud deyil və məhsul Türkiyə Səhiyyə Nazirliyi Dərman və Tibbi cihaz qurumu (TİTCK) tərəfindən dövlət qeydiyyatına alınmayıb. Əlavə olaraq qeyd edirik ki, Türkiyənin “Universe Pharma İlac” şirkətinin istehsalı olan “OKSİAM-B” adlı məhsul dərman vasitəsi kimi Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb. Həmçinin “Dihac MMC” tərəfindən həmin dərman vasitəsinin ölkəyə idxal edilməsinə razılıq verilməsi barədə Analitik Ekspertiza Mərkəzinə müraciət daxil olmayıb. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 2006-cı il 22 dekabr tarixli Qanununun 6.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycana idxalına, Azərbaycan ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Azərbaycan Səhiyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.
Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında “OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun nümunələrinin fiziki-kimyəvi və mikrobioloji ekspertizası aparılıb. Aparılmış ekspertiza nəticəsində nümunənin tərkibindəki inqrediyentlərin miqdarının qeyd olunan göstəricilərdən aşağı olması, sitikolin təsiredici maddəsinin ümumiyyətlə olmaması, “pH” göstəricisinin qələvi mühitə yaxın olması, sıxlığının aşağı olması və nümunənin qeyri-steril olması müəyyən edilib. Oftalmoloji istifadə üçün nəzərdə tutulan dərman vasitələrinin qeyri-steril olması yolverilməzdir. Nəticə etibarilə, nümunə keyfiyyətsiz, qeyri-effektiv, yararsız və insan sağlamlığı üçün təhlükəli hesab edilir.
Bütün bunları nəzərə alaraq, əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin olunması məqsədi ilə qeyd edilən saxta, mənşəyi məlum olmayan məhsulun idxalı, satışı və oftalmoloq həkimlər tərəfindən istifadəsi qadağan edilib. Topdan və pərakəndə əczaçılıq müəssisələrinə məhsulun yığışdırılması barədə xəbərdarlıq edilib.
Xəbərdarlıqda bildirilib ki, “OKSİAM-B” adlı dərman forması göz damcısı olan məhsul ilə rastlaşanlar bu məhsuldan istifadə etməməlidir: “Bu məhsulu istifadə etmisinizsə və ya istifadəsi zamanı əlavə təsir müşahidə etmisinizsə, tibb müəssisəsinə müraciət edin. Həmçinin bu barədə məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət Sektoruna bildirməyiniz xahiş olunur”.