Sona Rəsulova (ad-soyad şərtidir) vərəmə qalib gələnlər insanlardan biridir.
Sonanın hekayəsi belədir: “2011-ci ildə 4-cü kurs tələbəsi idim. Mənimlə bir evdə kirayə qalan rəfiqəmin vərəm olduğunu öyrəndik. Həkimlər məndən müayinədən keçməyimi xahiş etdi. Amma mən müayinədən keçmə vaxtımı yubatdım. 4-cu kursun sonlarında məndə halsızlıq, öskürək və yüksək temperatur səngimədi. Getdikcə vəziyyətim pisləşirdi.
Axşamlar hərarət artır və gecə saatlarında tərləyirdim. Həkimə getdim. Əvvəlcə, dəri xəstəliyi diaqnozu qoyuldu. Daha sonra bəlğəmin müayinəsindən keçdim. Məlum oldu ki, vərəmə tutulmuşam... Həkimlərin köməyi nəticəsində sağlamlığıma qovuşdum”.
Sona Rəsulova deyir ki, cəmiyyətdə vərəm xofu var: “Halbuki bu, sağalan xəstəlidir. Fikrimcə, vərəm haqqında xof dəf olunsa, xəstələr daha tez sağalarlar. Peşəkar həkim, psixoloji dəstək və iradə nəticəsində bu xəstəliyə qalib gələ bilərsiniz!”
Kasıb xəstəliyi?..
İlk növbədə bilməliyik ki, vərəmlə yoluxma və xəstələnmə fərqlidir. Vərəmə yoluxmuş şəxs xəstələnməyə bilər.
Yoluxma müqaviməti zəif olan şəxsin vərəm mikobakteriyaları ifraz edən və müalicə almayan xəstə ilə uzun müddət qapalı yerdə qaldıqda mümkündür.
İctimai nəqliyyatda qapılar daim açılıb-bağlandığından hava durğunluğu yaranmır. Bu da mikobakteriyaların yüksək konsentrasiyasının yaranmasının qarşısını alır. Dolayısı ilə ictimai nəqliyyatda vərəm infeksiyası ilə yoluxma ehtimalı aşağıdır. Həmçinin sərnişinlərin ictimai nəqliyyatda keçirdikləri vaxt qısa olduğundan vərəmə yoluxma təhlükəsi zəifdir.
Qeyd edək ki, dünyada hər il 10 milyon insan bu xəstəliyə tutulur. Min illərdir davam edən və dünyanın əsas xəstəliklərindən biri hesab olunan vərəmə hər il 10 milyon insanın tutulduğu, bu xəstəlik səbəbindən isə 2 milyondan çox insanın öldüyü bildirilir. Xəstəliyə ən çox Cənub-şərqi Asiya və Afrika ölkələrində rast gəlinir.
Cəmiyyətimizdə bu xəstəlik barədə "kasıb xəstəliyi" kimi ifadəsi də yer alır. Amma xarici mütəxəssislərin fikrincə, vərəm xəstəliyi miko-bakterium tüberkülozis deyilən bir mikrob qrupu tərəfindən əmələ gəlir. Bu mikrob isə varlı-kasıb, yaşlı-cavan fərqi qoymadan hər insanda yaranma ehtimalı olan mikrobdur...
Vərəmdən vəfat edən məşhurlar
Tarixdə Napoleon Bonapartın yeganə oğlu Napoleon franz Josef Bonapart, “Mersedes” avtomobillərinin istehsalçısı olan Emil Ellinekin qızı Emilya Ellineka, yazıçı Frans Kafka, məşhur aktrisa Viviyen Li vərəm xəstəliyindən əziyyət çəkiblər.
Azərbaycan tarixində də vərəm xəstəliyindən əziyyət çəkən şəxsiyyətlər az olmayıb. Milyonçu Ağa Musa Nağıyevin oğlu İsmayıl da vərəmdən vəfat edib.
3 həftəlik müalicə ilə yoluxuculuq aradan qalxır
Vərəm xəstəliyi ən çox ağ ciyərlərdə yaranır. Bundan başqa ağ ciyər zərində, limfa düyünlərində, beyin və beyin zərində (meningit), sümüklərdə, böyrəklərdə, ürək zərində, dəridə, uşaqlıqda da yarana bilir. Ümumiyyətlə, bu mikrob vücudun bütün orqanlarında yarana bilən orqanizmdir. Vərəm mikrobu xəstə insanların ağ ciyərindən çıxan kiçik tüpürcəklər vasitəsilə başqalarına da keçir. Bu xəstəliyə yoluxmuş insanların danışması, öskürməsi və asqırması ilə içində vərəm mikrobları olan kiçik tüpürcəklər havaya atılır və uzun müddət havada qalır. Sağlam insanlar isə bu mikrobları tənəffüs yolları ilə qəbul edirlər.
Mikrobun keçdiyi insanların hamısı dərhal xəstələnməzlər. Ağ ciyərlərdən qan və limfacıqlarla digər orqanlara yayılmağa başlayır. Mikrob keçən insanların sadəcə 5%-i 2 il içində, 5%-i həyatlarının müəyyən dövrlərində xəstəliyə tutulurlar. Geriyə qalan 90%-i isə bu xəstəliyə tutulmurlar.
Xəstəliyin tibb dilində adı “ağ ciyər tuberkulozisi”dir. Bu, 2-3 həftədən çox davam edən öskürək, hərarət, gecələr tərləmə, iştah və çəkinin itməsi, yorğunluq, halsızlıq, bəlğəmli tüpürcək çıxarma, qanlı tüpürcək, nəfəs darlığı, beldə və sinədə ağrılarla sıx müşahidə olunur. Xüsusilə, öskürək 2-3 həftədən artıq davam edirsə, mütləq bu sahənin həkiminə müraciət etmək vacibdir. Vaxtında aşkarlanan vərəm qorxulu hesab olunmur və 3 həftəlik müalicə ilə yoluxuculuq aradan qalxır. Müalicə müddəti digər xəstəliklərə nisbətən uzundur. Yoluxmuş orqana və bədənin gücünə görə müalicə müddəti dəyişir. 6 aydan 2 ilə qədər müalicə müddəti davam edə bilər.
“Saat yarımda vərəm mikrobunu tapırıq”
Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova deyir ki, dünyada effektiv müalicə almış vərəm xəstələrinin sayı artmaqdadır: "Vərəmə İİV-in yayıldığı Asiya və Afrika ölkələrində daha çox rast gəlinir. Azərbaycan o ölkələrdəndir ki, vərəm xəstəliyi aktuallığını saxlamaqdadır. Bu xəstəliyə daha ən çox cavan insanlarda rastlanır. Onlara həkimlərdən başqa ailə, icma dəstəyi də lazımdır. Vərəm diaqnozu qoymaq çox asandır. Saat yarımın içində vərəm mikrobunu tapıb dərmanlara həssaslığı testini edirik. Müalicə kursu keçən şəxs vərəmdən tam azad olur".
Direktor müavini uşaq və yeniyetmələr arasında vərəmlə xəstələnmə göstəricisinin hər il azaldığını qeyd edib: "Vərəmli xəstələr arasında 4 faiz 0-14 yaş arasında olan uşaq və yeniyetmələrdir. Dünyada isə hər il 10 faiz uşaq və yeniyetmə vərəm xəstəliyinə yoluxur".
İradə Axundova qeyd edib ki, son 5 ildə vərəmlə xəstələnmə sayı azalıb. Yeni xəstələrin sayi 2016-ci ildə (xəstələnmə) hər 100 min əhaliyə 38,9-dur: “Ölkədə 7 mindən az insan vərəm xəstəsi kimi qeydiyyatdadır. Onların 3 mindən bir qədər artığı təzə xəstədir. Ölüm sayı 2015 -ci ildə 100 min nəfərə 4,1 idisə, 2016-ci ildə bu rəqəm 3,8-dir. Müalicənin müsbət nəticələri də qalxıb. Həssas xəstələr arasında ilkin xəstələrin sağalma faizi 83, təkrar xəstələrin sağalma faizi 73-dür. Ümumilikdə son 5 ildə ölkədə vərəm xəstəliyinin dinamikasında müsbət dəyişikliklər qeydə alınıb. 2010-cu ildə 100 min nəfərə 53,5 xəstəlik var idisə (hər 100 min əhali arasında ümumi vərəm xəstələrin sayı), 2016-ci ildə bu, 100 min nəfərə 38,8-dək azalıb.
Qeyd edim ki, 25 yaşdan 44 yaşadək olanlar kişilər arasında vərəm xəstəliyinə yoluxanlar daha çoxdur”.
İradə Axundova qeyd edib ki, vərəm tam sağalan xəstəliklərdəndir: “Onun dərmanlara həssas və davamlı növləri var. Əsas odur ki, xəstəliyi vaxtında aşkarlayıb, vərəm çöpünü tapıb, onun həssas və ya dərmana davamlı olduğunu araşdırasan. Xəstəyə lazımi müalicə müddəti təyin edəsən. Vərəmin ən qısa müalicəsi 6 ay, ən uzun dərmanlara davamlı formasının müalicəsi isə 24 ay çəkir. Həmin müddət bitdikdə xəstəlik sağalır. Səhiyyə Nazirliyi vərəm xəstəliyinin bütün dərmanlarını alır. Bizim ölkəmizdə vərəmin müalicəsi pulsuzdur. Müalicə Azərbaycan dövləti, Səhiyyə Nazirliyi tərəfindən alınan dərmanlarla aparılır. Preparatların hamısı respublika üzrə lazım olan miqdarda alınır və vərəm xəstələrinin sayına görə bölgə və rayonlara göndərilir. Qeydiyyatda olan insanlarda xəstəliyin növü təsdiq ediləndən sonra onlar vərəmin növünə görə dərman alıb tam şəkildə müalicə olunurlar”.
“Müalicəyə və müayinəyə əl çatır...”
Direktor müavini qeyd edib ki, vərəm xəstələrinin vəziyyətlərinin ağırlaşması səbəbkarı onları özləridir: “Çünki müayinəyə gec gəlirlər. Əgər onlar müalicə olunsalar, 2-3 həftəyə, maksimum 1 aya özlərini yaxşı hiss edirlər. Ancaq müalicə bununla bitmir. Bizim məqsədimiz odur ki, müalicə tam şəkildə başa çatsın. İnsanlar müalicəni yarımçıq qoyduqda vərəm mikobakteriyası mutasiya olur və davamlı vərəm forması yaranır. Müalicə isə başqa dərmanlarla aparılır. Bunlar bahalı dərmanlardır. Dediyim kimi, vərəmə qarşı bütün dərmanlar tam, lazım olan qədər Azərbaycanda var. Preparatlar Səhiyyə Nazirliyi və Qlobal Fond tərəfindən alınır.
Xəstələr müayinə olduqda vərəm mikobakteriyası laboratoriyada əkilir və dərmanın həssaslıq testləri aparıldıqdan sonra bilirik ki, bu xəstə dərmana davamlı formalı vərəmlə xəstələnib, ya əksinə... Davamlı forma almış vərəmin müalicəsi başqa üsulla aparılır. Bizim institutun nəzdində işləyən həkim komissiyası tərəfindən müalicə kursu təyin olunur. Həmin müalicə kursunun sxemi tərtib edilir, dərmanlar xəstənin yaşadığı yerə fasiləsiz çatdırılır və müalicə aparılır. Əsas odur ki, müalicəyə və müayinəyə əl çatır...”.
Zığda 6 saylı vərəm xəstəxanasında çoxsaylı dərmanlara davamlı vərəm xəstələri müalicə alır. Mərdəkanda 9 saylı xüsusiləşdirilmiş xəstəxana da var. Bura da geniş saylı dərmanlara davamlı xəstələr üçündür. Türkanda isə 8 saylı xüsusiləşdirilmiş vərəm xəstəxanası fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin qarşısına qoyduğu məqsəd vərəm mikrobakteriyası ifraz etməyən xəstənin ambulator şəraitdə müalicə olunmasına şərait yaratmaqdır. Azərbaycanın rayonlarında da vərəm mütəxəssiləri var. Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun bazasında Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış Milli Vərəm proqramı işləyir və bütün mütəxəssislərə treninqlər keçirilir.
Bəzən olur ki, cəmiyyət arasında “Məni Filankəs vərəmlətdi” deyimi ilə rastlaşırıq... İradə Axundova deyir ki, bu deyimin heç bir əsası yoxdur: “Vərəm kədərdən, dərddən yaranır”- deyiminin də heç bir əsası yoxdur. Vərəm infeksion xəstəlikdir. Törədicisi – vərəm mikobakteriyasıdır”.
“Mən də vərəmə tutularam”, düşüncəsi...
Psixoloq Vəfa Rəşidova deyir ki, vərəm xəstələrinə mütləq psixoloji dəstək göstərilməlidir: “Onlar psixoloji sarsıntılar keçirir, özlərini cəmiyyətdən təcrid olunmuş kimi hiss edir və cəmiyyətdən uzaqlaşırlar. Cəmiyyətdə belə bir hal da var ki, yaxın insanının vərəmə tutulduğunu görən şəxs ondan uzaq durur. “Mən də vərəmə tutularam”, düşüncəsi ilə hər həftə müayinədən keçirlər. Amma bu, düzgün deyil. Bu xəstəlikdən əziyyət çəkən insanlar ətrafdakıların onlara münasibətini görəndə özlərinə yer tapa bilmirlər. Özlərini bir şəxs kimi aşalandığını hiss edir və depressiyaya, intihara meyilli olurlar. Vərəm xəstəliyi barədə cəmiyyətə ətraflı məlumat verilməli və insanlar vərəmin sağalan xəstəlik olduğunu dərk etməlidirlər.
Onlara dəstək verməliyik ki, çətin dönəmi geridə qoysun və sağalsınlar”.
Əslində heç bir sahədə, o cümlədən təbabətdə belə, mütəxəssisləri, həkimləri problemlə təkbətək qoymaq olmaz. Böyük problemlərin həllində cəmiyyət bütün gücü və hər bir üzvüylə iştirak etməlidir. Vərəmlə mübarizədə də həmçinin... Bu xəstəliyin xofundan xilas olmalıyıq, belə xəstələrə dəstək verməliyik. Onda heç kəs vərəmləməz...
Yazı “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə” mövzusunda jurnalistlər arasında elan olunan müsabiqəyə təqdim olunur.