Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzi Dağlıq Qarabağ mövzusunda 500 respondent arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, sorğuda 500 respondent iştirak edib və bunun təxminən 1/3 hissəsini Qərbi Kaspi Universitetinin tələbələri təşkil edib.
Sorğunun ilk “2017-cı ildə sülh danışıqlarından irəliləyiş gözləyirsinizmi” sualına respondentlərin 94 faizi “xeyr”, 6 faizi “bəli” cavabı verib. Tətbiqi Politologiya Mərkəzi bildirir ki, bu nəticə vətəndaşların sülh danışıqlarına inamının ilbəil azaldığını göstərir. Qeyd olunur ki, 2017-ci ildə bütün səviyyəli danışıqların nəticəsiz qalması da bunun əyani sübutudur.
“2017-cı ildə müharibə başlaya bilərmi” sualına respondentlərin 80 faizi “müharibə mümkündür”, 15 faizi “müharibə ehtimalı azdır” cavabını verib. Cəmi 5 faiz suala cavab verməkdə çətinlik çəkib.
“Həmsədrlərin 2017-ci ildəki fəaliyyətini necə qiymətləndirirsiniz” sualına respondentlərin cavabları belə olub: “Pis – 57 faiz”, “Çox pis – 38 faiz”, “Normal – 5 faiz”.
Soğru götürən təşkilatın qənaətincə, bu suala verilən cavab göstərir ki, Azərbaycan vətəndaşlarının həmsədrlərin fəaliyyətinə inamı qalmayıb:
“Bu da səbəbsiz deyil. Həmsədrlər münaqişənin həlli, o cümlədən Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması üçün səy göstərmir, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyurlar”.
“Münaqişənin ədalətli həllini hansı amil sürətləndirəcək” sualına verilən cavablar bunlardır:
“Azərbaycan güc tətbiq edəcəyi halda (65 faiz)”, “Ermənistan “mərhələli həll” planını qəbul edəcəyi halda (13 faiz)” və “Rusiya Ermənistana təzyiq edəcəyi halda (22 faiz)”.
“Bu cavablardan gəlinən qənaət isə odur ki, vətəndaşların az hissəsi kənar təzyiq olmadan Ermənistanın “mərhələli həll” planını qəbul edəcəyini düşünür. Böyük əksəriyyət bunun üçün Ermənistan hakimiyyətinə təzyiqin artırılması qənaətindədir”, - deyə, Tətbiqi Politoloqgiya Mərkəzi bildirib.