Təhsil Nazirliyi 2017-2018-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan və əmək müqaviləsi əsasında işə qəbul olunan müəllimlərdən 105-nin müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə razılıq verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Teleqraf.com-a verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 27 740 müəllim fəaliyyət göstərir.
BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 406 027, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 965, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 1964 şagird olmaqla, ümumilikdə 410 956 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində 868 məktəbəhazırlıq qrupunda 24 129 uşaq təhsil alır. 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2017-ci ildə məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə, 5 yaşlıların 65 faiz həddinə çatdırılıb.