Orta məktəblərdə baş verən neqativ halların əsas günahkarı məktəb direktorlarıdır.
Bunu Teleqraf.com-a açıqlamasında Bakıdakı 132-134 saylı Təhsil Kompleksində baş vermiş olaya münasibət bildirirkən ekspert Kamran Əsədov deyib.
Onun sözlərinə görə, bu hadisələr onların səriştəsizliyi, qeyri-peşəkarlığı nəticəsində baş verir:
“Məncə, bu kimi halları üzə çıxaran və ünvanı qeyd edən KİV-ə təşəkkür düşür. Deyirlər, belə halları işıqlandırmayın, bu kimi hadisələr həmişə olub. Harda olub? Məktəbdə?..
Bəzi şəxslər yazır ki, tərbiyə evdə verilir, günah ailələrdədir. Bu fikir absurddur. Heç bir valideyn evdə övladına demir ki, get kiminləsə əlaqədə ol. Bu hadisələr məktəbdə nəzarətsizlik nəticəsində baş verib. Ümumiyyətlə, müəllim dərsdən sonra şagirdlərin sinifləri tamamilə tərk etməsinə əmin olmalıdır.
Necə olur ki, məktəb direktoru öz kabinetinə gizli kamera quraşdırıb öz təhlükəsizliyini təmin edir, amma şagirdlər üçün bu addım atılmır?
Şagirdlərin dərs, tənəffüs vaxtı fəaliyyəti ciddi şəkildə kameralar vasitəsilə izləməlidir. Şagirdlərin hərəkət etdiyi bütün yerlərə kamera quraşdırıb, altına yazmaq lazımdır ki, çəkiliş gedir. Davamlı olaraq bu kameralar izləməlidir. Direktor məktəbi isti kabinetindən, yumşaq kreslosunda oturub idarə etməli deyil. O, daim sinif otaqlarını, idman zallarını gəzməlidir”.
Ekspert bildirib ki, hadisə baş verən məktəbdə şagirdlərin şəxsi işlərinə baxsaq, orda heç bir ələgəlimli məlumat tapa bilmərik:
“Mütəmadi olaraq məktəbin psixoloqu, tibb işçisi şagirdləri yoxlamalı, müayinə etməli və lazimi qeydlər aparmalıdır. Təlim-tərbiyə işləri üzrə direktor müavini bu şagirdlər haqqında hansı qeydlər yazıb?
Heç bir hadisə birdən-birə baş vermir. Bunun üçün müəyyən şərait yaranır. Görün, bizim bəzi məktəblər nə qədər nəzarətsizdir, idarəetmədə nə qədər ciddi problemlər var ki, şagirdlər istədiyi kimi hərəkət edə, davrana bilirlər. Bu, sadəcə olaraq, dəhşətdir.
Danılmaz faktdır ki, Azərbaycanın bölgələrində erkən nikahlar baş verir, biz buna etiraz edirik. Ancaq bu iyrənc hadisə məktəbdə olub. O yer ki bizim üçün müqəddəsdir, əzizdir. Deməli, bəzi məktəb direktorları məktəbin dəyərini, təhsilin məqsədini şagirdlərə başa sala bilməyiblər”.
Xatırladaq ki, Səbail rayonunda yerləşən 132-134 nömrəliTəhsil Kompleksinin 11-ci sinif şagirdi 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olib və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.