İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində verilən təhsil qrantının məbləği (manatla) açıqlanıb.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə əksini tapıb.
Hazırlıq kursu və təhsil səviyyələri üzrə təhsil haqqının illik maksimum məbləğinə tədris dilinə uyğun hazırlıq kursu üçün 200 manat, bakalavriat təhsili üçün 3000 manat, magistratura təhsili üçün 3500 manat, doktorantura təhsili üçün 4000 manat, tibbi təhsili üzrə əsas təhsil üçün 3500 manat, rezidentura təhsili üçün 4000 manat daxildir.
Bununla bərabər aylıq təqaüd xərcləri (viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, zəruri tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, ildə bir dəfə ölkələrinə gediş və gəliş) üçün 800 manat, illik tibbi yardım üçün 200 manat ayrılacaq. Proqram iştirakçılarının viza və qeydiyyat xərcləri “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş məbləğlərə uyğun, nəqliyyat xərcləri isə faktiki xərclər üzrə təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında ödəniləcək.