24 Fevral 2018 19:42
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məktəblinin dostu” dünyanın müxtəlif ölkələrində çeşidli adlarla sınaqdan çıxmış uğurlu layihədir.

Bunu Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, layihənin əsas hədəfi məktəb-təhsil alan-valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və təhsil alana ahəngdar özünü gerçəkləşdirmə imkanının yaradılmasıdır:

“Hazırda Bakı şəhərində 310-a yaxın məktəb var və bu məktəbin yalnız 30-da "Məktəblinin dostu” layihəsi həyata keçirilir. Bu layihə Azərbaycan təhsilinin son 5 il ərzində ən fundamental inqilabi yeniliklərindən biridir.

Bu, bir az gecikmiş layihədir. Azərbaycanda təhsil müəssisələri ənənəvi idarəetmədən yeni idarəetməyə keçib.

Adətən, məktəb idarəçiliyi direktor, direktor müavini, sinif rəhbərləri vasitəsilə həyata keçirilir. Amma bu sadaladığımız şəxslər birbaşa tədris prosesinin iştirakçısı olduğu üçün şagirdlərlə geniş şəkildə fəaliyyət göstərmək imkanına malik deyillər.

Amma "Məktəblinin dostu” vəzifəsini yerinə yetirən şəxs tədris prosesinin iştirakçısı olmadığı üçün məktəbdə sosial fəaliyyəti daha uğurla həyata keçirirlər”.

Ekspert bildirib ki, "Məktəblini dostu” layihəsi tətbiq olunan məktəblərdə şagirdlər arasında siqaret çəkmə halları 80 faizədək azalıb: “Həmçinin məktəbə kənar şəxslərin daxil olmasının qarşısı alınıb. Bəzi vaxtlar "Məktəblinin dostu” vəzifəsi ilə bağlı birmənalı qarşılanmayan fikirlər səslənir.

Təklif edərdim ki, ad "Məktəblinin dostu” yox, ümumilikdə "Məktəbin dostu” olsun”.

Kamran Əsədov qeyd edib ki, layihə bir çox ölkələrdə də var: “Türkiyə və Gürcüstanda isə uzun müddətdir ki, fəaliyyət göstərir. Layihə Azərbaycanda fəaliyyət göstərən 4500 orta ümumtəhsil məktəbinin hər birində tətbiq olunmalıdır”.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsilə bağlı tədbirdə məktəblilərin pis vərdişləri və müəllim-şagird münaqişələrinin statistikası açıqlanıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər