“İdeal” mağazalar şəbəkəsinin 23 fevralda keçirdiyi aksiya sosial şəbəkədə və mətbuatda son günlər ən çox müzakirə edilən mövzulardan birinə çevirildi. Həmin gün ancaq kişi ətirlərinə olan endirim və bunun xüsusi olaraq vurğulanması şirkətin sosial şəbəkə izləyicilərinin ciddi tənqidinə tuş gəldi. Xatırlatmaya ehtiyac olmasa da, qeyd edək ki, 23 fevral sovet ordusunun yaranma günüdür. Məhz həmin ordu tərəfindən yüzlərlə azərbaycanlının həyatı məhv edilib. Xalqımızın yaddaşına acı bir gün kimi iz buraxan belə bir ordunun yaranma günündə “İdeal” mağazasının kişilər üçün aksiya keçirməsini necə izah edəcəyi həqiqətən də maraqlıdır.
İzah üçün şirkətə yazılı müraciət etmişik. Şifahi cavabda isə bu günün qeyd edilməsi müştərilərin çoxsaylı müraciəti ilə əsaslandırılaraq, bu aksiyanın 23 fevralla heç bir əlaqəsinin olmadığı bildirildi.
Yazılı müracitəmizə yazılı cavaba gəldikdə isə, hələ də şirkətdən belə bir açıqlama verilməyib. Üzərindən 4 gün keçməsinə baxmayaraq...
"İdeal" ictimaiyyətə açıq izah verməlidir
Marketinq üzrə ekspert Ramil Cabbarov marketinqdə strateji gediş kimi özəl günlərin seçilməsinin və hədəf seqmentə gündəm mövzu üzərindən mesaj ötürülməsinin geniş yayılmış metod olduğunu deyib. Onun sözlərinə görə, burada xüsusilə diqqət edilməsi bir neçə məqamlar var:
“Əvvəlcə bu suala cavab vermək lazımdır: seçilmiş gün ümumi kütlənin qəbul etdiyi, anladığı və onları satınalmaya təşviq edəcək dərəcədədirmi? Əgər bu məqamlar içərisindən hər hansı biri anlaşılmazlıq olarsa, kampaniya öz effektivliyini itirmiş olur. Bir digər məqam isə istifadəçilərin şirkətin mesajına əks reaksiya göstərməsidir ki, buna marketinqdə böhran dövrü adı veririk. Risk anında şirkət bütün hallarda mövqeyini ya səmimi etiraf etməli, ya da yanlış anlaşılmanı izah etməlidir. "İdeal" şirkətlər qrupunun məhz 23 fevral paylaşımı da eyni konteksdən yanaşıldığında təhlil edilməmiş və tələsik addım kimi dəyərləndirilə bilər. Belə ki, şirkət, cəmiyyətin bir qismində qeyri-rəsmi olaraq "Kişilər günü" kimi adlandırdığı gündə özəl endirim aksiyası elan edir. Cəmiyyətin digər qismi isə bunu Sovet Ordusu ilə bağlayıb, Azərbaycan tarixindəki qanlı izlər qoyanlara dəstək kimi qiymətləndirdi. Təbii ki, bu vəziyyətdə ikinci tərəf say üstünlüyü ilə şirkətin marketinqində böhran yaşatmış oldu. Bütün hallarda bu vəziyyətdə şirkətin imici zərər gördü. Peşəkar yanaşma kimi şirkətin öz izləyicilərinə, ictimaiyyətə açıq və aydın izah verməsi lazımdır. Çünki, bu qeyri-müəyyənlik vəziyyətində şirkət haqqında mənfi mövqeni dəstəkləyən kimi rəy formalaşacaq”.
Ekspert onu da vurğulayıb ki, sirkətlərin özəl günlərdə paylaşım etməzdən öncə mütləq şəkildə toplumun marağını, reaksiyasını, davranışlarını, mümkün risk amillərini tədqiq etməlidir.
İstədikləri məqsədə çatıblar
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür aksiyaların məhsul satmaq üçün bir bəhanə olduğunu deyib:
“Mağaza məsləhətçiləri düşünüb ki, bu günü xüsusi qeyd etməklə əlavə gəlir əldə edə bilərlər. Əhalinin düşüncəsi və həmin günü insanları qıcıqlandırması düşüncəsi isə arxa planda qalıb. Təəssüf ki, ölkədə biznes etikası olmadığından bu cür hallar baş verir. Sovet vaxtında yaşamış istehlakçıların düşüncəsində 23 fevral tarixi var. Şirkətin bu günü seçməkdə yeganə məqsədi az da olsa düşüncəsində həmin gün olan insanlara mal satmaqdır. Düşünürəm ki, çox da uğurlu bir seçim olmayıb. Şübhəsiz ki, artıq pul qazanıb, istədikləri məqsədə çatıblar”.
Ekspert bildirib ki, ölkəmizdə bir sıra şirkətlər biznesin inkişafı üçün yaradılmış müsbət şəraitdən sui-istifadə edir:
“Biznes qurumları nəinki istehlakçı hüquqları, hətta ölkənin strateji maraqlarının üstündən xətt çəkən bu cür işlər görürlər. Əgər həmin gün istehlakçıların tələbidirsə, həmin tələb Azad İstehlakçılar Birliyindən öyrənilə bilərdi. Bizə isə istehlakçılardan 23 fevralda kampaniya keçirilməsi ilə bağlı müraciət olmayıb. Biz çalışmalıyıq ki, aksiya üçün Azərbaycan ordusunun yaranma günü və ya Milli Qəhrəmanların doğum günlərini seçilsin. Bunlar daha uğurlu olar və istehlakçılarda da qıcıq yaratmaz. Mart ayının 4-də Azad İstehlakçılar Birliyi olaraq Qadınlar üçün cəzaçəkmə müəssisəsinə gedəcəyik. Sizin sayt vasitəsilə həmin şirkətə müraciət edirəm ki, əgər pul qazanmaqdan başqa bir maraqları varsa, bizimlə birlikdə gedib o qadınlara 8 Mart hədiyyəsi versinlər”.
Rəsmi açıqlama verməməklə özünü günahkar durumuna salır
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvi, millət vəkili Zahid Oruc hesab edir ki, ticarət üzrə ixtisaslaşmış şəxslər, PR menecerin layihəsi kimi dəyərləndirildikdə ətrafında siyasi hay-küyün qurulması yanlış olar:
“Çünki dünya praktikasında bu mənada geniş yayılan təcrübələri görmüşük. Amerika Birləşmiş Ştatlarında hinduların həyatı, fəciəsi belə kommersiya nişanına çevrilir. Yaponiyada Xirosima ilə bağlı müxtəlif növ suvenirlər, başqa xarakterli ticarət layihələri həyata keçirilir. Heç kim də onları faciədən gəlir götürməkdə qınamır. Belə yanaşsaq təqvimin bütün günlərini qara rəngə boyayıb, həmin günkü hadisələri çərçivələşdirək. 23 fevral təktərəfli qaydada öz qiymətini alacaq hadisə deyil. Ən azı ona görə ki, Sovet ordusu sıralarında 300 minə qədər insanımız faşizmə qarşı mübarizədə həyatını itirib. Həmin ordu sıralarında döyüşən, həyatını itirən babalarımızın qətiyyən ağlına gətirməyib ki, bir gün həmin ordunun bir hissəsi qanlı 20 yanvar hadisəsini törədəcək. Biz həmin tarixin də üstündən xətt çəkə bilmərik. Bu gün qərb aləmi hər hansı sovet ölkəsinin üzərinə gedəndə de-kommunistləşmə, de-sovetləşmə adı altında kampaniya həyata keçirir, tarixi abidələri bu yolla dağıdılır. Ordu ilə bağlı məsələ də eyni sırada təqdim edilir. İndi Sovet ordusunda xidmət edənləri faşist elan etməliyik? Bu aksiyanı həyata keçirənlər çox yaxşı siyası əsaslandırma verə bilərlər. Bu günü qeyd edənləri düşmən obrazında vermək ikinci və ya üçüncü dairələrin işinə yarayır. Ömür boyu rus əsgərini işğalçı kimi təqdim etmək doğru deyil”.
Millət vəkili bu kampaniyanın arxasında sadəcə şirkətin daha çox gəlir əldə etmək marağı durduğunu düşünür:
“Düşünürəm ki, şirkət yaşı 50-dən çox olan insanların sayı ilə bağlı bazarın monitorinqini aparıb, onların hələ də, 23 fevralın yaddaşlarında saxladığını düşünərək belə bir addım atıblar. Bunu qətiyyən sovetə bağlılıq, yenidən özünü o çətir altında görmək, Azərbaycanın müstəqilliyini tanımamaq kimi qəbul etmək doğru deyil. Mənim açıqlamam "İdeal"ı müdafiə kimi görünməsin. Amma şirkətin müstəqillik günümüz, tariximizin daha önəmli günlərinin qabardılması kimi təkliflərlə də razılaşıram. Şirkət yaxşı məsləhətçilər işə qəbul etməlidir. Aksiyaya görə neçə nəfərin həmin mağazadan alış-veriş etməkdən imtina etməsi və şirkətə həmin gün nə qədər zərərin dəyməsi və buna görə kimin cəzalandırılması barədə məlumat açıqlasalar, buna əsl şəffaflıq deyərdim. Bütün bu söhbətlərdən sonra şirkət rəsmi açıqlama verməməklə özünü günahkar durumuna salır”.