14 Mart 2018 11:57
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peyvəndin ziyanı haqqında səsləndirilən fikirlərə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmayan, konkret kimlərinsə şəxsi düşüncəsinin məhsulu kimi yanaşmaq lazımdır. Onlar bu cür açıqlamaları müəyyən məqsədlə verirlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib.

Baş pediatrın sözlərinə görə, tibb elmində indiyə kimi peyvəndin alternativi kəşf edilməyib: “Kim deyə bilər ki, uşaq dünyaya gələndən sonra nə vaxt zədə alacaq və yaxud qan köçürməyə ehtiyac olacaq...

Bütün bunlar qeyri-müəyyən söhbətlərdir. Peyvəndin 1400 yaşı var. İlk dəfə VII əsrdə Hindistan, Orta Asiya və Çində tətbiq edilib. Ona bənzər heç nə icad edilməyib.

Bu gün Azərbaycanda peyvənddən yayınmanın qarşısını almaq üçün dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir”.

Nəsib Quliyev bildirib ki, bir əsr bundan əvvəl təbii çiçək, qızılca, difteriya xəstəliyi ilə dünyada milyonlarla uşaq ölürdü: “İndi Azərbaycanda qızılca ilə ölən bir xəstə göstərə bilərsizmi? Təbii ki, yox. Peyvəndin hesabına qızılca və digər sadaladığım xəstəlikdən ölkəmizdə ölüm halları yoxdur.

Peyvəndi pisləyən həkimlər fikirlərini əsaslandırmalı, fakt göstərməlidirlər. Bir zaman bir ingilis professoru demişdi ki, peyvəndən sonra uşaqlarda autizm xəstəliyi yaranır. Bu, dünyada sensasiya kimi qarşılandı.

Araşdırma aparıldı, məlum oldu ki, peyvənd istehsal edən zavodun birinə qarşı digər peyvənd edən zavodla professor birləşib, öz istehsallarını gücləndirmək üçün bü cür məqsədli addım atıblar. Demək istəyirəm ki, bu cür addımlar bir qayda olaraq məqsədli olur”.

Baş pediatr peyvəndən sonra yaranan fəsadlardan da danışıb: “Onların bir qisminin təlimatlarında yazılıb ki, vaksinasiyadan sonra 2 sutka ərzində uşaqlarda bədən hərarəti yüksələ bilər. Bu bədənin cavab reaksiyasıdır və normaldır. Təlimatda da xəbərdarlıq edilir ki, hərarətin yüksəlməsi halında hərarət salıcı dərmanla yardım etmək lazımdır ki, 2 gün ərzində heç bir iz qalmadan problem həll olunsun.

Bizə uşaqlarının qıcolmaları ilə bağlı nə qədər valideyn müraciət edir. Bunlar hamısı infeksiyalar, xəstəliklər nəticəsində olur. Elə ağır dərəcəli qıcolma baş verir ki, onu heç nə ilə müalicə etmək olmur. Mən 45 ildir həkim işləyirəm və peryvəndən şikəst qalan uşaqla rastlaşmamışam”.

Nəsib Quliyev qeyd edib ki, Azərbaycanda 11 yolxucu xəstəliyə qarşı peyvəndləmə aparılır: “12-ci peyvənd hazırlanıb təsdiqini gözləyirik. Təsdiq olunan kimi ictimaiyyətə məlumat verəcəyik”.

Qeyd edək ki, İsrail Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri Lev Levit Publika.az-a müsahibəsində körpələrə vurulan peyvəndlərin bəzən sərt reaksiyalara səbəb olduğu, öskürək, qızdırma, qıcolma ilə müşayiət olunduğunu bildirib. Onun sözlərinə görə, bu, hətta uşaqların şikəst qalması ilə də nəticələnir.

Peyvəndə qarşı bu cür əks-fikirlərin səslənməsi birinci dəfə deyil. Peyvəndin fəsadları barədə həkim rəyləri vaxtaşırı dövriyyəyə buraxılır və polemika bitmək bilmir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər