Birinci vitse-prezident Mehriban Əliyeva xalq yazıçısı Anarı 80 illik yubileyi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Anar müəllim. Sizi – Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan canlı klassikimizi və görkəmli yazıçını 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırıram.
Sizin ən müxtəlif ədəbi üslubda yazdığınız əsərlər və dramaturgiya sahəsindəki fəaliyyətiniz Azərbaycanda ədəbi fikrin formalaşması və mədəniyyətimizin inkişafı baxımından misilsiz əhəmiyyət daşıyır.
Əsərlərinizin əsas xüsusiyyətlərindən biri kimi Azərbaycan dilinin saflığının qorunması, sadə Azərbaycan dilində yazıb-yaratmağınız Sizin bu dilə olan sevginizin ifadəsidir. Məhz buna görə də yazdığınız əsərlər üslub və janrından asılı olmayaraq Azərbaycan oxucusunun sevimli əsərlərinə çevrilməklə yanaşı, ədəbi zövqün formalaşması baxımından mühüm rola malikdir.
Sizin səmərəli yaradıcılığınızın təsiri altında Azərbaycan ədəbiyyatında böyük bir ədəbi nəsil yetişmişdir. Bir-birindən maraqlı və təkrarsız əsərlərinizdə həm milli-mənəvi dəyərlərin təbliği, həm də müasirliyin tərənnümü böyük ustalıqla təsvir olunmuşdur.
Siz ədəbi fəaliyyətinizlə yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirsiniz. Bir ziyalı kimi nümayiş etdirdiyiniz müdriklik, vətənpərvərlik və prinsipial mövqe bu gün bir çoxları üçün nümunə rolunu oynayır.
Təsadüfi deyil ki, Siz dövlətimizin ən ali təltiflərinə layiq görülmüsünüz. Çoxsaylı təltifləriniz Sizin əməyinizin yüksək qiymətləndirilməsini göstərməklə yanaşı, fəaliyyətinizin nə qədər səmərəli və gərəkli olmasının göstəricisidir.
Hörmətli Anar müəllim, bu əlamətdar gün münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları, doğmalarınızın və yaxınlarınızın əhatəsində sağlam və firavan həyat arzulayıram".