Mən başa düşmürəm ki, o adları kim yazıb, kim təsdiq edib. Bizim o adlardan xəbərimiz yoxdur.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib.
Onun sözlərinə görə, 15-20 gündən bir müəyyən adları siyahıdan çıxarırlar: “Bu adlar isə bizə tanış deyil, bizim komissiya ilə əlaqəsi yoxdur. İcazə verildiyi deyilən adların hamısı qeyri-adidir. Bəlkə onlar heç bizim adlar lüğətimizdə də yoxdur.
Adlar lüğətində 1940-cı ildən bu yana qeydiyyat idarəsindən keçən adlar yer alıb. 2700 adı, yəni Kolxoz, Sovxoz, Samovar kimi adları ləğv etdik. Müəyyən adlar da var ki, onların hamısını birdən lüğətdən çıxarmaq olmaz. Amma hissə-hissə lüğətdən çıxarılacaq. Məsələn, bir adamın 40 yaşı var, adı Meyvəlidir. O adı lüğətdən çıxara bilmərik, adama da deyə bilmərik ki, adını dəyiş. İndiyə kimi Prikaz adı var...
Bizdə adlar-soyadlar komissiyası 2000-ci ildən fəaliyyət göstərir. Əvvəl nə iş olub, olub. Ancaq son dövrlərdə görürsən ki, hamı uşağına gözəl ad seçmək istəyir. Daha kimsə uşağına əvvəlki Türmə adını qoymur”.
Qeyd edək ki, Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha bir qisim maraqlı adların siyahısı açıqlanıb. Məlumata görə, adlar siyahısında Fəhmil, Fərhan, Fəridəddin, Fəsaləddin kimi kişi, Fabiyə, Faimə, Fairə, Faxirə, Failə, Faqimə, Faribə, Fatikə, Fatmabadam, Faya, Fəqamət, Fəqannisə, Fəqumə, Fələk, Fənar, Fəsanə, Fəvranə, Fiqurə, Filyar kimi qadın adları yer alıb.
Valideynlər Girami, Göylər, Göyruh, Göysaf, Güliddin kimi kişi, Gaviyə, Gəlingül, Gənçay, Gərəkməz, Gilənaz, Giləbacı, Giləxanım, Giləzər, Görgün, Göygöz, Gözəlçə, Gülab, Gülaçar, Gülağız, Gülavuş, Gülerkən, Güləş, Gürzəbəyim kimi qadın adları da qoya bilərlər.