Bu gün Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində "İmmunlaşdırma həftəsi” çərçivəsində tədbir keçirib.
Teleqraf.com xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva 2014-cü ildən etibarən vaksin preparatlarının Azərbaycana UNİCEF xətti ilə gətirildiyini deyib:
"Ölkəyə daxil olan vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlər SN-nin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçir".
A.Əliyeva onu da əlavə edib ki, uşaqlar peyvənddən əvvəl yoxlanılmalıdır:
"Bəzən peyvəndlər kəskin tibbi əks-göstərişlər verir. Bütün bunlar valideynləri narahat edir. Əks-göstərişlərin qarşısını almaq üçün mütləq uşaq geniş yoxlamalardan keçməlidir. Göy öskürək, məxmərək,difteriya xəstəlikləri peyvəndlə idarə olunsa da, bircə suçiçəyi peyvəndlərlə idarə edilə bilmir. Xüsusilə noyabr-dekabr aylarında artım göstərən bu xəstəliyə son 2 ildə Azərbaycanda o qədər də çox rast gəlinmir"
Ölkədə əsasən Amerikadan alınan 1 faizli dozalarda vaksinlərin istifadə olunduğunu bildirən Mərkəzinin direktor müavini Azərbaycanda qızılcaya çox rast gəlinmədiyini deyib:
"Azərbaycanda qızılca xəstəliyi vaksinlərlə idarə olunsa da Ukraynada səhiyyə sistemi peyvənd prosesini aktiv və effektli aparmadığı üçün qızılca xəstəliyi sürətlə alovlanıb"
RGEM-in baş direktoru İmran Abdullayev bildirib ki, Azərbaycanda hər il olduğu kimi bu il də immunlaşdırma həftəsi keçirilib:
"Bu dəfə də hər hansı səbəbdən peyvəndlərdən kənarda qalmış uşaqların immunlaşdırılması davam etdirilir. Aprel ayının 23-29 tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsində məqsəd vaksinlərlə bir sıra xəstəliklərdən müdafiəsini sübut etməkdir. Ölkədə qızılca , məxmərək, poliomielit xəstəliklərinin qarşısının alınması xüsusilə diqqətdə saxlanılır.
Avropa immunlaşdırma çərçivəsində əsas məqsəd insanları maarifləndirməkdir. Bu, adi immunlaşdırma həftəsi deyil. Artıq 2007-ci ildən eibarən biz bu prosedurları keçiririk. Bu, könüllü olaraq peyvəndlərdən imtina edən ailələr istisna olmaqla, digər səbəblərdən immunlaşdırmadan kənarda qalan uşaqların immunlaşdırmaya cəlb edilməsidir. Dünya praktikasında uşaqlar 100 faiz immunlaşdırmaya cəlb edilir. Bütün uşaqlar peyvənd təqviminə uyğun olaraq bu prosesə cəlb edilir".
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı mütəxəssisi Cəvahir Süleymanova qeyd edib ki, peyvəndlərin əhəmiyyətini insanlara çatdırmaq lazımdır. Bu baxımdan belə tədbirlərin həyata keçirilməsi əhəmiyyətlidir.