16 Avqust 2018 10:22
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 38 049 nəfər artaraq bu il iyul ayının 1-i vəziyyətinə 9936134 nəfərə çatıb.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Həmçinin bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 66166 doğulan körpə qeydə alıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.

O cümlədən doğulan körpələrin 1238-i əkiz, 45-i üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Bioloji norma isə 105-107 təşkil edir. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Məlumatda o da bildirilir ki, 2018-ci ilin birinci yarısında ölkədə 29292 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 6,0-a qədər azalıb.

2018-ci ilin altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 27525 nikah qeydə alınıb. Qeydiyyat şöbələrində 7219 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər