6 Sentyabr 2018 15:39
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşura mərasimlərində zəncir vurub qan çıxarmaq əvəzinə ehtiyacı olanlar, xüsusilə talassemiyalı xəstələr üçün qanvermə aksiyaları bu il də keçiriləcək. Bu aksiyalar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin təklifi ilə başlayıb və uzun illərdir davam edir. Bu ənənəyə artıq İran, Türkiyə və digər müsəlman ölkələrindən də qoşulublar.

Bu sözləri Teleqraf.com-a Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsi QMİ və rayon icra hakimiyyətləri ilə birlikdə yerlərdə qanvermə aksiyalarının kütləvi keçirilməsi, qan vermək istəyən insanlara lazımi şəraitin yaradılması istiqamətində iş aparır: “Bu məsələdə Səhiyyə Nazirliyi bizə yaxından köməklik göstərir. Səhiyyə Nazirliyi bütün imkanlarından istifadə edərək qan vermək istəyən şəxslər üçün münasib şərait yaradır”.

Sədr müavini ildən-ilə qanvermə aksiyası keçirilən məscid və ziyarətgahların, eləcə də aksiyada iştirak edənlərin sayının çoxaldığını vurğulayıb: “Bu il əvvəlki illərlə müqayisədə rəqəmlərin daha da artacağını gözləyirik. Ümumilikdə qanvermə aksiyası respublikanın demək olar ki, bütün bölgələrini əhatə edəcək. Hansı məsciddə və ziyarətgahda mümkünsə, biz yerli icra hakimiyyəti, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə şərait yaratmışıq.

Bununla bağlı maarifləndirmə işləri də həyata keçirilir. Əvvəlki illərin təcrübəsinə istinad edərək deyə bilərəm ki, qan vermə aksiyalarının təşkili, aparılmış maarifləndirmə işi, insanların bu məsələyə xüsusi diqqət və həssaslıqla yanaşması nəticəsində baş yarmaq, zəncir və qəmə vurmaq kimi neqativ hallar demək olar ki, aradan qaldırılıb. Nadir hallarda belə faktlarla rastlaşmaq olar”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər