Konstitusiya Məhkəməsinin qərarına əsasən, əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Bu o deməkdir, Konstitusiya Məhkəməsi əmanətçilərin xeyrinə qərar çıxarıb və 2 faiz bonus olan maksimum sığortalanan faizlə cəlb edilən əmanət müqavilələrində dividend faizi 17 yox, 15-dir.
Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov Konstitusiya Məhkəməsi əmanətlərin sığortlanması ilə bağlı qanunun şərh edilməsinə dair qərar barədə danışarkən deyib.
Onun sözlərinə görə, həmin əmanətlər qorunur və geri qaytarılmalıdır. Bonuslar səbəbindən əmanətlərini ala bilməyən əmanətçilər son qərardan sonra öz vəsaitlərini Əmanətlərin Sığortlanması Fondundan geri ala bilərlər: “Söhbət milyonlarla manatla ifadə olunan əmanətlərin geri qaytarılmasına başlanılmasından gedir. Bu baxımdan, bonus səbəbindən qorunan əmanətlərdən mərhum edilən əmanətçilər fonda müraciət etməklə öz pullarını artıq geri ala bilərlər”.
Ekspert vurğulayıb ki, müflis olan banklarda bonuslu əmanətlərin qorunan olub-olmaması müəyyənləşdirilən zaman faizlərin hesablanmasında problemlər vardı: “Xüsusən “Dəmirbank”ın əmanətçilərinin bir qismi öz qorunan əmanətlərini ala bilmirdilər. Sözügedən bank daha çox əmanət cəlb etmək üçün bonus kampaniyaları keçirirdi. Belə kampaniyalar həmçinin qorunan əmanətlərə aid edilirdi.
Əmanətlərin Sığortalanması Fondu isə bankların ödədiyi bonusun faiz dərəcələrinə daxil edilib-edilməməsi barədə qərar verə bilmədiyi üçün bəzi əmanətlər qorunmayan hesab edilirdi və nəticədə vətəndaş öz pulunu geri ala bilmirdi. Konstitusiya Məhkəməsinin son qərarı bonus səbəbindən geri qaytarılmayan əmanətlərin sahiblərinə hətta bu gün fonda müraciət edib pullarını tam olaraq geri almaq imkanı yaratdı”.